Ağırlıqqaldırma ilə məşğul olanlara şad xəbər

01.04.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Müntəzəm güc məşqləri yaşlı insanların beynində bioloji qocalma prosesini ləngidə və zehni funksiyaları qoruya bilər. Beynəlxalq ekspert qrupunun apardığı araşdırmanın nəticələri "GeroScience" jurnalında dərc olunub.
İndiyədək fiziki aktivliyin yaddaşı yaxşılaşdırdığı və demensiya riskini azaltdığı məlum olsa da, tədqiqatların çoxu qaçış və üzgüçülük kimi aerobik yüklənmələrə yönəlmişdi. Yeni araşdırmada isə alimlər xüsusi "beyin saatları" modelindən istifadə edərək güc hərəkətlərinin təsirini ölçüblər. Bu riyazi model MRT məlumatları əsasında beynin bioloji yaşını təyin edir.
Tədqiqata 62-70 yaş arası 309 könüllü cəlb olunub. Onlar üç qrupa bölünüblər: intensiv məşq edənlər, orta dərəcəli yüklənmə ilə məşğul olanlar və heç bir fiziki aktivliyi olmayanlar. Bir il sonra məşq edən şəxslərin beynində diqqət və planlaşdırmaya cavabdeh olan zonalar arasında əlaqənin gücləndiyi müşahidə edilib. Onların beyninin bioloji yaşı orta hesabla 1,4-2,3 il azalıb. Maraqlıdır ki, bu müsbət effekt iki il sonra da özünü qoruyub saxlayıb.
Professor Aqustin İbanesin sözlərinə görə, bu proses sözün həqiqi mənasında "cavanlaşma" deyil, beynin daha sağlam qocalma trayektoriyasına keçməsidir. Güc məşqləri damar sistemi, maddələr mübadiləsi və iltihab əleyhinə mexanizmlər vasitəsilə bütün beyinə sistemli təsir göstərir. Hətta orta dərəcəli yüklənmələr belə əhəmiyyətli nəticə verib. İdmanla məşğul olmayan nəzarət qrupunda isə heç bir irəliləyiş qeydə alınmayıb.
İsmayıl
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью