Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yəqin ki, çoxumuz gündəlik məişətdə işlənən, ədəbi dildə jarqon və ya varvarizm sayılan “kvit” sözünü “kvit olduq”, “kvit olmuşuq” və s. bu kimi ifadələrin tərkibində eşitmişik. Bu ifadə adətən borcla bağlı hər hansı bir məsələnin yekununda, bəzən insan münasibətləri ilə əlaqədar olan məsələlərdə də “biz artıq səninlə kvit olduq” və digər buna bənzər formalarda işlədilir.
Aydındır ki, dilimizə bu söz rus dili vasitəsilə daxil olubdur. Rus dilində bu söz həm “квит” şəklində – məsələn: “Вернул деньги и квит”– həm də prefiks və suffikslərlə işlənir: “Они сквитались.” Yeri gəlmişkən, fransız dilindən rus dilinə keçmiş квитанция sözündəki (fransız dilində bu söz quittance şəklində olub “borcdan azad olma haqqında akt” mənasını ifadə edir) квит həmin o kvitdəndir: kvit hesablaşmanı, necə deyərlər, şifahi ifadə edən söz, kvitansiya isə artıq yazılı şəkildə təsdiq edən sənəddir.
Bəs bu söz mənşəcə hansı dilə məxsusdur?
Sözün vətəni latın dili sayılır. Latınca bu söz quietus şəklində olub “borcdan azad olmuş”, “sakitləşmiş” mənası ifadə edir, yəni haqq-hesabı həll etdikdən sonra tərəflər rahat nəfəs alıb sakitləşdilər, sakitləşmış oldular.
Alman dilində isə bu söz quittung sözünün tərkibində işlənir ki, bu da çek kimi tərcümə olunur – biz dükanda alver edirik, kassaya pul ödəyirik, kassir də bizə çek verir, biz onunla "kvit olub" malımız zənbildə, çekimiz cibimizdə rahatca və sakit halda cıxıb gedirik evimizə. Kassir də pulu məmnun və sakit ovqatla kassadakı yuvalarda ceşidləyib yeni müstəriləri gözləyir.
Belə bir maraqlı məlumat da var ki, Avropa yəhudilərinin dili – idiş dilində işlənən və “kiçik kağız parçası” mənası daşıyan kvitl sözü də kvit sözü ilə eyni kökdən törəmişdir. Qüdsdəki Qərb Divarının (Ağlama divarının) yarıqları arasına qoyulan arzu kağızları məhz kvitl adlanır. Sözün kökündəki “borcdan azad olub sakitləşmək” mənası burada artıq “günah və dərdlərdən azad olub sakitləşmək” mənasına çevrilir.
Yaxşı situasiyalarda kvit olmaq, doğrudan da, rahatlıq gətirir.
Bütün məsələlərdə hər birinizə yalnız müsbət mənada "kvitolma" nəsib olsun!
İmarət Cəlilqızı