Ağstafada kənd təsərrüfatının inkişaf imkanları qiymətləndirilib

25.11.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağstafada kənd təsərrüfatının inkişafı, məhsul istehsalının artırılması və yeni emal müəssisələrinin yaradılması imkanları diqqət mərkəzindədir. Bu istiqamətdə görülən işlərlə yerində tanış olmaq məqsədilə rayonda növbəti monitorinq keçirilib.

Monitorinq Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində təşkil olunub.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və balıqçılıq şöbəsinin müdir müavini – sektor müdiri Vüsal Mirzəyev rayonda fəaliyyət göstərən aqroparkda, iri fermer təsərrüfatlarında və yeni salınmış intensiv meyvə bağlarında olublar.

Onlar təsərrüfatlarda görülən işlərlə, müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəriciləri ilə tanış olublar. Fermerlər və mütəxəssislərlə söhbət zamanı rayonun aqrar potensialından daha səmərəli istifadə yolları müzakirə edilib.

Monitorinq zamanı məhsulların saxlanması və emalı məsələlərinə də diqqət yetirilib. Yerli sahibkarlarla keçirilən görüşlərdə soyuducu anbarların və emal müəssisələrinin yaradılması imkanları nəzərdən keçirilib.

Monitorinqin yekununda kənd təsərrüfatının davamlı inkişafı, məhsuldarlığın yüksəldilməsi, istehsal həcminin artırılması və yeni məşğulluq imkanlarının yaradılması ilə bağlı aidiyyəti qurumların məsul şəxslərinə tapşırıq və tövsiyələr verilib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью