Ağstafada müəllimlər arasında yarış olub

29.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ağstafa, 29 sentyabr, AZƏRTAC

Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər arasında “Zəka memarı” adlı intellektual yarış təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, yarış Ağstafa Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsində olan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilib.

Ağstafa rayonunun Vurğun qəsəbə tam orta məktəbində təşkil edilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Üç mərhələdən ibarət yarışda komandalara “Şəhərsalma və Memarlıq İli”, tarixi-mədəni irs nümunələri, tarixi abidələrin qorunması və təbliği ilə bağlı suallar təqdim olunub.

Yarışın nəticələrinə əsasən, H. Əlizadə adına Köçəskər kənd 1 nömrəli tam orta məktəbinin “Şuşa” komandası I, R.Alıcanov adına Köçvəlili kənd tam orta məktəbinin “Tağlar” komandası II, A. Mustafayev adına Həsənsu kənd tam orta məktəbinin “Dəmir yumruq” komandası isə III yerə layiq görülüb.

Müxbir - Ruslan Novruzoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью