Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağstafa, 20 oktyabr, AZƏRTAC
Qərb bölgəsində sorqo becərən təsərrüfatların böyük hissəsi Ağstafanın payına düşür. Fermerlər sorqonun az xərc tələb etməsini, quraqlığa və xəstəliklərə davamlılığını, eləcə də gəlirliliyini üstünlük kimi göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa rayonunda sorqonun yığımına başlanılıb.
Elmi adı “sorqo” olan bu dənli bitki xalq arasında “süpürgə otu” kimi tanınır. Gövdə və çiçək qrupu süpürgənin əsas xammalıdır. Dənindən isə spirt, nişasta və yarma istehsal edilir. Afrika, Hindistan və Şərqi Asiyanın bəzi ölkələrində bu bitkidən çörək bişirilməsində də istifadə olunur.
Ağstafada sorqo əsasən Kürboyu kəndlərdə becərilir.
Yığım işin yalnız başlanğıcıdır. Bitkinin qurudulması, təmizlənməsi, dəstələnməsi təsərrüfatlarda əl əməyi ilə görülür.
Təsərrüfat sahibi Tahir Tomayev deyir ki, süpürgənin hazırlanması diqqət və təcrübə tələb edir. Hər süpürgə üçün uyğun miqdar seçilir: “Bir-bir dəstə halına salırıq. Sağlam və görünüşü yaxşı olanları seçirik. Əlimdə tutanda artıq bilirəm ki, bir süpürgənin hazırlanması üçün nə qədər lazımdır. İki dəstədən biri çıxır. Beləliklə, süpürgə hazırlanır.”
Digər təsərrüfat sahibi Taleh Abdullayev də prosesin bir neçə mərhələdən ibarət olduğunu bildirir:
“Birinci biçirik, quruduruq, sonra arıtlayırıq, qabığından çıxarırıq. Daha sonra qomalanır, bağlanır və süpürgə halına gətirilir.”
Fermerlərin sözlərinə görə, sorqo digər kənd təsərrüfatı bitkiləri ilə müqayisədə nisbətən az xərc tələb edir. Bitki mövsüm ərzində 3-4 dəfə suvarılır. Xəstəliklərə davamlı olduğundan dərman preparatlarına az ehtiyac duyulur. Lakin məhsuldarlıq torpağın münbitliyindən, suvarmadan və aqrotexniki qulluqdan asılıdır.
İlkin hesablamalara görə, bir hektar sahədə sorqonun becərilməsinə təxminən 700-800 manat xərclənir. Düzgün aqrotexniki qulluq olduqda bir hektardan təxminən 2-3 min süpürgə əldə etmək mümkündür. Bir süpürgənin qiyməti 2-3 manat olduğundan, mövsüm ərzində orta hesabla 5000-6000 manat gəlir götürülə bilər. Fermerlər vurğulayırlar ki, bu göstəricilər məhsuldarlıqdan, xammalın keyfiyyətindən və satış qiymətlərindən asılı olaraq dəyişir.
Sorqo torpağın əkin qatında temperatur 12-14 dərəcəyə çatdıqda əkilir. İlk mərhələdə bitki zəif böyüdüyündən alaq otlarının vaxtında məhv edilməsi və aqrotexniki tədbirlərin düzgün görülməsi vacibdir. Yetişmiş məhsulun dənləri tökülmədiyi üçün yığım tam yetişmə mərhələsində aparılır.
Vətəni Afrika hesab edilən sorqonun minilliklər əvvəl Çində və Hindistanda becərildiyi bildirilir. Bu gün bitki həm ərzaq və yem istehsalında, həm də məişət məhsullarının hazırlanmasında əhəmiyyətini qoruyur.
Ağstafada sorqoya marağın artması ənənəvi kənd təsərrüfatı sahələrinin qorunması və fermerlərin gəlir mənbələrinin şaxələndirilməsi baxımından da diqqət çəkir. Əl əməyinə əsaslanan bu sahə xüsusilə ailə təsərrüfatları üçün əlavə məşğulluq imkanı yaradır.
Müxbir - Ruslan Novruzoğlu