Ağstafada Zəfər sevinci tinglərdə boy atır…

05.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağstafalılar 8 Noyabr – Zəfər Gününü torpağa həyat verən, gələcəyə yaşıllıq bəxş edən ağacəkmə aksiyası ilə qarşılayıblar. Heydər Əliyev Mərkəzinin ətrafında keçirilən aksiyada hər əkilən ting Vətənə sevginin, torpağa bağlılığın ifadəsinə çevrilib.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və ictimaiyyət nümayəndələri aksiyada iştirak ediblər. Qələbəmizin ildönümü ərəfəsində onları bir araya gətirən həm Zəfər qüruru, həm də doğma yurdu daha yaşıl, daha gözəl görmək arzusu olub.

Aksiya zamanı vurğulanıb ki, uzun illər ekoloji dağıntılara məruz qalmış torpaqlarımızın dirçəldildiyi bir vaxtda hər yeni ağacın əkilməsi xüsusi məna daşıyır. Belə təşəbbüslər gənc nəslə Vətəni sevməyin onun torpağını qorumaqdan, ağacını böyütməkdən, təbiətinə qayğı göstərməkdən də keçdiyini aşılayır.

Əraziyə rayonun iqlim və torpaq şəraitinə uyğun ağac tingləri əkilib, dibləri yumşaldılıb və suvarılıb.

Bu gün torpağa kök salan tinglər illər sonra böyüyəcək, kölgəsində uşaqlar dincələcək. Ağstafalıların Zəfər sevincindən gələcəyə belə bir yaşıl yadigar qalacaq.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью