AHBAP 4,3 milyard lirə yardımı hara xərcləyib?

08.09.2026

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə 2023-cü il zəlzələləri zamanı AHBAP dərnəyinin topladığı yardımlarla bağlı aparılan araşdırmada diqqətçəkən maliyyə məlumatları ortaya çıxıb.
Demokrat.az
CNN Türk-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun həyata keçirdiyi araşdırma çərçivəsində hazırlanan ilkin bilirkişi hesabatında AHBAP-ın 6 fevral–31 dekabr 2023-cü il tarixləri arasında ümumilikdə 4,3 milyard lirə yardım topladığı bildirilib. Bu vəsaitin təxminən 4,2 milyard lirəsinin xərcləndiyi müəyyənləşdirilib.
Hesabatda təxminən 950 milyon lirənin nağd şəkildə çıxarıldığı qeyd olunub. Məlumata görə, bəzi hallarda bir dəfəyə 500 milyon lirəyədək nağd vəsaitin çıxarılması müəyyən edilib. Araşdırma çərçivəsində bu əməliyyatların vəsaitin sonrakı hərəkətinin izlənilməsini çətinləşdirdiyi bildirilib.
Bilirkişi hesabatında həmçinin 29 şirkət və 7 fərdi şirkətə ümumilikdə 1 milyard 750 milyon 547 min 770 lirə köçürüldüyü göstərilib. Bəzi yüksək məbləğli ödənişlər üzrə isə qarşılığında mal və ya xidmətin əldə edilib-edilmədiyinin müəyyənləşdirilmədiyi, bununla bağlı saxta hesab-faktura ehtimalının da araşdırıldığı qeyd olunub.
Hesabatda dövlət qurumlarına göstərilən yardımlarla bağlı sənədlərdəki məbləğlərlə faktiki ödənişlər arasında fərqlərin olduğu barədə təsbitlərin də yer aldığı bildirilib.
Araşdırmanın digər diqqətçəkən istiqaməti zəlzələ bölgəsində həyata keçirilən mənzil layihələridir. İlkin məlumatlara əsasən, bu layihələr üçün 2 milyard lirədən çox vəsait xərclənib. Hazırda müvafiq qurumlar tərəfindən tikilən mənzil və məktəblərdə yerində araşdırma aparılması planlaşdırılır. Bu yoxlama ilə xərclənən məbləğin görülən işlərin real dəyərinə uyğun olub-olmadığı müəyyənləşdiriləcək.
Bundan başqa, AHBAP-ın topladığı ianələrin 1 milyard lirədən çox hissəsinin mal və xidmət alışlarına yönəldildiyi müəyyən edilib. Lakin həmin vəsaitlərin konkret olaraq hansı məhsul və xidmətlərə xərcləndiyi ilə bağlı araşdırmanın tam başa çatmadığı bildirilir.
Məlumata görə, iş üzrə 47 nəfər saxlanılıb. Araşdırma və maliyyə əməliyyatlarının ekspertizası davam etdirilir. Hesabatda əks olunan məlumatların ilkin bilirkişi təsbitləri olduğu və araşdırmanın yekun nəticələrinin sonrakı mərhələdə müəyyənləşəcəyi bildirilir.
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью