Icma.az, Baku.ws portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) "Caspian Energy Club"un nümayəndələri ilə görüş keçirilib.
Özəl sektorla əməkdaşlıq çərçivəsində keçirilən görüşdə Konfederasiya sədri Sahib Məmmədov həmkarlar ittifaqları sistemində aparılan islahatlar, üzvlərin əmək hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili istiqamətində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr barədə danışıb.
Bildirilib ki, yeni layihələrdən olan "AHİK Könüllüləri" uğurla davam etdirilir, yollayışların vahid məkandan verildiyi "Kurort" Turizm İnformasiya Mərkəzi yaradılıb, yollayışların verilməsi prosesi sadələşdirilib.
Yaxın vaxtlarda "Layiqli Əmək Səfirləri" layihəsinə də start veriləcək.
Görüşdə həmçinin ittifaq üzvləri üçün xüsusi endirimlər və bonuslar təqdim edəcək "AHİK Plus" proqramı barədə də məlumat verilib.
Vurğulanıb ki, Konfederasiya özəl sektorla əməkdaşlığa xüsusi önəm verir, bu sahədə çalışanların həmkarlar ittifaqlarında birləşməsini, hər bir işçinin layiqli əmək şəraiti ilə təmin olunmasını dəstəkləyir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev son zamanlar Konfederasiya tərəfindən görülən işləri xüsusi olaraq qeyd edib, AHİK-in özəl sektorla əməkdaşlığının vacibliyini vurğulayıb.