Ahıska Türklərinə həsr olunmuş beynəlxalq sərgi keçiriləcək

28.01.2026

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Azərbaycan Tarixi Muzeyində Ahıska Türklərinə həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi müzakirə edilib.

525.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Seyla Sağlık Yavuzer, Ahıska türkləri ilə bağlı layihə çərçivəsində beynəlxalq interaktiv sərginin kuratorları Beste Gürsu və Sina Gürsu, Azərbaycanda Yaşayan Ahıska Türklərinin “Vətən” İctimai Birliyinin sədri Xalid Xəlilov Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olublar.

Qonaqlar muzeyin direktoru, akademik Nailə Vəlixanlı, muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini– baş mühafiz, tarix üzrə fəlsəfə doktoru, dosent Məhfuzə Zeynalova, muzeyin elmi katibi, tarix üzzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova, muzeyin Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova ilə görüşüblər. Görüş zamanı AhıskaTürklərinin deportasiyasına həsr olunmuş beynəlxalq interaktiv sərgi layihəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Akademik Nailə Vəlixanlı bu mövzunun tarixi yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb, sərginin müasir interaktiv formatda hazırlanmasının bu tarixi hadisələrin geniş auditoriyaya daha təsirli şəkildə çatdırılmasına imkan verəcəyini qeyd edib. Eyni zamanda bildirilib ki, muzeydə Ahıska Türklərinə dair materiallar mühafizə olunur və bu materialların gələcək sərgilərdə nümayiş etdirilməsi nəzərdə tutulur.

Qonaqlar sərginin Azərbaycanla yanaşı, 7 ölkədə təqdim ediləcəyini vurğulayıblar. Kuratorlar Beste Gürsu və Sina Gürsu sözügedən sərgi zamanı interaktiv təqdimat formatının ziyarətçilərlə mövzu arasında emosional bağ yaradacağını qeyd edib, sərginin beynəlxalq miqyasda geniş maraq doğuracağını bildiriblər.

Görüş zamanı sərginin konsepsiyası, ekspozisiyada istifadə olunacaq materiallar və təşkilati məsələlər müzakirə edilib, tərəflər gələcək əməkdaşlıq perspektivlərini dəyərləndiriblər.

Şahanə Müşfiq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью