Aİ, ABŞ ilə ticarət razılaşmasına fokuslanıb

27.05.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Avropa İttifaqı (Aİ) Komissiyasının Ticarətdən Məsul üzvü Maros Şefçoviç bildirib ki, ABŞ ilə konstruktiv şəkildə ticarət razılaşması əldə etməyə fokuslanıblar.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Şefçoviç, ABŞ Ticarət Naziri Hovard Lutnik və Ticarət Nümayəndəsi Cemison Qrir ilə keçirdiyi telefon danışığından sonra sosial media hesabında paylaşım edib.

ABŞ rəsmiləri ilə yaxşı danışıqlar apardığını qeyd edən Şefçoviç, "Aİ Komissiyası, Aİ-ABŞ ticarət razılaşması istiqamətində konstruktiv və fokuslanmış səylərə tam sadiq qalmaqda davam edir", – deyə vurğulayıb.

Şefçoviç, Aİ və ABŞ rəsmilərinin daimi əlaqə saxladıqlarını da qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə 23 may tarixində "Truth Social" sosial media hesabında etdiyi paylaşımda, Aİ ilə aparılan ticarət danışıqlarının heç bir nəticə vermədiyini bildirərək, 1 iyun tarixindən etibarən Aİ-yə birbaşa 50%-lik tarif tətbiq olunmasını təklif etdiyini açıqlamışdı.

Aİ Komissiyasının Prezidenti Ursula fon der Leyen, bu açıqlamalardan sonra Tramp ilə telefon danışığı aparmışdı. Telefon danışığından sonra ABŞ tərəfi 1 iyun tarixindən tətbiq olunması planlaşdırılan 50%-lik tarif qərarının 9 iyul 2025-ci il tarixinə qədər təxirə salındığını bildirmişdi. Aİ tərəfi isə ABŞ ilə aparılan ticarət razılaşması müzakirələrinin sürətləndiriləcəyini açıqlamışdı.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью