Aİ Avropa İttifaqı miqrantlar üçün Ruanda və Özbəkistanda mərkəzlər yarada bilər

24.06.2026

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqına (Aİ) üzv bir sıra ölkələr sığınacaq verilməsindən imtina edilmiş miqrantlar üçün Ruanda və Özbəkistanda mərkəzlərin yaradılması imkanını nəzərdən keçirir.

Bizimyol.info xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təşəbbüs Avstriya, Yunanıstan, Almaniya, Danimarka və Niderland tərəfindən dəstəklənib. Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin sözlərinə əsasən, Aİ-nin məqsədi 2026-cı ildə bu cür strukturların yaradılması barədə ilk razılaşmaları imzalamaq, 2027-ci ildə isə onların fəaliyyətə başlamasını təmin etməkdir.

Bununla belə, adı açıqlanmayan diplomatlar hələlik Aİ-nin bu mərkəzlərin hansı ölkələrdə yerləşdiriləcəyini dəqiq müəyyən etmədiyini bildiriblər. Qapalı müzakirələrdə miqrantların Uqandaya göndərilməsi ehtimalı da nəzərdən keçirilir. Eyni zamanda Misir və Liviya Aİ-yə yaxın yerləşdikləri üçün müzakirələrdən çıxarılıb. Qeyd olunur ki, “geri qaytarma mərkəzləri”nin yaradılması Aİ rəhbərliyindən çox, ayrı-ayrı üzv ölkələrin səlahiyyətində olacaq.

Bu təşəbbüsə Fransa və İspaniya qarşı çıxır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Brüsseldəki nümayəndəsi isə Aİ-ni “populist ritorikanın təsiri altına düşməkdə” və “miqrantlar barədə alternativ faktlara inanmaqda” ittiham edib.

Xatırladılır ki, “Politico” daha əvvəl Danimarka və İtaliya hökumətlərinin sığınacaq müraciəti rədd edilən miqrantların üçüncü ölkələrdə qəbul mərkəzlərinin yaradılmasını nəzərdə tutan açıq məktub hazırladığını yazmışdı. Bu təşəbbüs Aİ-yə üzv 27 ölkədən yarıdan çoxu tərəfindən dəstəklənib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью