Aİ Azərbaycan dialoqu bütün sahələrdə genişləndirir

17.11.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin hazırkı inkişaf mərhələsi ikitərəfli siyasi dialoqun ənənəvi enerji və iqtisadi əməkdaşlıq çərçivəsindən çıxaraq daha geniş institusional və strateji məzmun kəsb etdiyini göstərir. Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Brüsseldə Avropa İttifaqının bir sıra yüksək vəzifəli rəsmiləri ilə keçirdiyi görüşlər bu baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır. Görüşlərin diqqətçəkən tərəfi təmsil olunan Avropa institutlarının və onların rəhbər vəzifəli şəxslərinin səlahiyyət dairəsidir. 

H.Hacıyevin Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibinin siyasi məsələlər üzrə müavini və siyasi direktoru Olaf Skuqla görüşü münasibətlərin siyasi-diplomatik ölçüsü baxımından əhəmiyyətlidir. Avropa Xarici Fəaliyyət Xidməti Aİ-nin xarici siyasətinin əlaqələndirilməsi, beynəlxalq tərəfdaşlarla siyasi dialoqun aparılması və xarici siyasət prioritetlərinin həyata keçirilməsində əsas institusional mexanizmlərdən biridir. Bu qurumun siyasi rəhbərliyi ilə birbaşa təmas Azərbaycan–Aİ münasibətlərinin geniş xarici siyasət gündəliyinin tərkib hissəsi kimi nəzərdən keçirildiyini göstərir. Siyasi direktor səviyyəsində aparılan müzakirələr ikitərəfli münasibətlərin regional və beynəlxalq proseslər kontekstində qiymətləndirilməsi, qarşılıqlı mövqelərin uzlaşdırılması və siyasi məsləhətləşmələrin davamlılığının təmin edilməsi baxımından əhəmiyyətlidir. Görüşlərdə baş katibin sülh, təhlükəsizlik və müdafiə üzrə müavini Devid Svaxın da iştirak etməsi əməkdaşlığın təhlükəsizlik istiqamətinə verilən diqqəti göstərir. Həmin vəzifənin kurasiya etdiyi sahələr müasir beynəlxalq münasibətlər sistemində xarici siyasətin ən həssas istiqamətlərini əhatə edir. Cənubi Qafqazda postmünaqişə reallıqları, regional sabitlik, təhlükəsizlik arxitekturası, nəqliyyat kommunikasiyalarının etibarlılığı və enerji infrastrukturlarının mühafizəsi Azərbaycan ilə Aİ arasında dialoqun ortaq maraq doğuran istiqamətləridir. 

Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti üzrə baş direktoru Qert Yan Kopmanla görüşdə isə münasibətlərin başqa bir mühüm institusional istiqamətini ön plana çıxarır. Avropa Komissiyasının bu sahəyə məsul strukturunun əsas fəaliyyət istiqamətləri Aİ-nin qonşu regionlarla münasibətləri, regional əməkdaşlıq, institusional əlaqələr və müvafiq siyasət mexanizmlərinin həyata keçirilməsi ilə bağlıdır. Azərbaycanın Avropa üçün mühüm geosiyasi, iqtisadi və nəqliyyat tərəfdaşı olması bu təmasların siyasi çəkisini müəyyənləşdirir. Burada əsas məsələ Azərbaycan–Aİ münasibətlərinin yalnız üzvlük və ya genişlənmə siyasətinin ənənəvi çərçivəsi ilə qiymətləndirilməməsidir. Azərbaycanla əməkdaşlıq qarşılıqlı maraqlara, suveren bərabərliyə və konkret nəticələrə əsaslanan tərəfdaşlıq modeli kimi inkişaf etdirilə bilər. 

Aİ Şurası prezidentinin baş məsləhətçisi Anna-Mariya Boura ilə görüş də ayrıca siyasi məna daşıyır. Avropa İttifaqı Şurası üzv dövlətlərin dövlət və hökumət başçılarını bir araya gətirən, İttifaqın ümumi siyasi istiqamətlərini və strateji prioritetlərini müəyyənləşdirən əsas qurumlardan biridir. Bu səbəbdən Şura prezidentinin müşavir səviyyəsində təmaslar Aİ-nin ali siyasi gündəliyində Azərbaycanla münasibətlərin yerinin müzakirəsi və qarşılıqlı maraqların daha geniş siyasi kontekstdə təqdim olunması baxımından əhəmiyyətlidir. Belə görüşlər ikitərəfli əlaqələrin Aİ-nin üzv dövlətləri səviyyəsində formalaşan siyasi prioritetlərlə də əlaqələndirildiyini göstərir.

Avropa Komissiyası prezidentinin baş diplomatik müşaviri Simon Mordyu ilə aparılan müzakirələr isə münasibətlərin strateji koordinasiya aspektini önə çıxarır. Avrokomissiyanın prezidenti səviyyəsində diplomatik məsləhətləşmələrin aparılması xarici tərəfdaşlarla münasibətlərin ümumi siyasi istiqamətinin müəyyənləşdirilməsi və müxtəlif institusional strukturların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətlidir. 

***

Azərbaycan uzun müddətdir ki, Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir. Xüsusilə enerji təchizatının şaxələndirilməsi, Cənub Qaz Dəhlizinin fəaliyyəti və Avropa bazarlarına enerji resurslarının çatdırılması Azərbaycanın strateji əhəmiyyətini artıran amillərdir. Bununla yanaşı, Avropanın enerji gündəliyi artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır. Bərpa olunan enerji mənbələrinin inkişafı, enerji infrastrukturlarının qarşılıqlı əlaqələndirilməsi və yeni enerji marşrutlarının yaradılması Azərbaycan–Aİ əməkdaşlığının gələcək istiqamətlərini müəyyənləşdirir. Nəqliyyat və logistika sahəsində isə Orta Dəhliz xüsusi geosiyasi və geoiqtisadi əhəmiyyətə malikdir. Qlobal təchizat zəncirlərində baş verən dəyişikliklər, beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi zərurəti və Avropa ilə Asiya arasında alternativ bağlantılara artan tələbat Azərbaycanın tranzit mövqeyini gücləndirir. Orta Dəhliz Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi və siyasi əlaqələrin dərinləşməsinə xidmət edən strateji bağlantıdır.                        Görüşlərdə rəqəmsallaşma, innovasiya və investisiyaların da əməkdaşlığın perspektivli istiqamətləri kimi qeyd edilməsi münasibətlərin məzmununda baş verən dəyişiklikləri göstərir. Beynəlxalq rəqabətin getdikcə texnoloji imkanlar, rəqəmsal infrastruktur və innovasiya potensialı üzərində qurulduğu şəraitdə bu sahələr dövlətlərarası tərəfdaşlığın mühüm komponentinə çevrilir. Azərbaycan üçün Avropa ilə bu istiqamətlərdə əməkdaşlıq iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal idarəetmə imkanlarının genişləndirilməsi və yeni investisiya mənbələrinin cəlb edilməsi baxımından əhəmiyyətlidir. Aİ üçün isə Azərbaycan Xəzər hövzəsi və Mərkəzi Asiya ilə əlaqələrin inkişafında, regional rəqəmsal və nəqliyyat infrastrukturunun genişləndirilməsində mühüm tərəfdaşdır.

Prezidentin köməkçisi keçirdiyi görüşlərin ümumi siyasi mənzərəsi göstərir ki, Azərbaycan–Aİ münasibətləri müxtəlif institusional səviyyələrdə paralel şəkildə inkişaf etdirilir. Siyasi məsələlər üzrə məsul şəxslərlə təmaslar diplomatik dialoqun, təhlükəsizlik və müdafiə sahəsinə cavabdeh rəsmilərlə müzakirələr regional sabitlik gündəliyinin, genişlənmə və qonşuluq siyasətinə məsul rəhbərliklə görüşlər institusional əməkdaşlığın, Avropa İttifaqı Şurası və Avropa Komissiyası rəhbərliklərinin müşavirləri ilə təmaslar isə strateji koordinasiyanın əhəmiyyətini ortaya qoyur. Bütün bunlar münasibətlərin ayrı-ayrı sektorlar üzrə parçalanmış əməkdaşlıqdan daha əhatəli siyasi tərəfdaşlıq müstəvisinə keçməsinə imkan yaradır.

Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri müxtəlif güc mərkəzləri ilə qarşılıqlı maraqlara əsaslanan, praqmatik və balanslaşdırılmış münasibətlərin qurulmasıdır. Aİ ilə dialoqun genişləndirilməsi də bu siyasətin tərkib hissəsidir. Burada əsas məsələ münasibətlərin siyasi bəyanatlarla deyil, konkret iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik və texnoloji nəticələrlə möhkəmləndirilməsidir. 

Son olaraq qeyd edək ki, Brüsseldə keçirilən görüşlər Azərbaycanla Aİ arasında dialoqun siyasi, diplomatik, təhlükəsizlik, enerji, nəqliyyat və innovasiya sahələrini əhatə edən çoxşaxəli formatda inkişaf etdiyini göstərir. Görüşlərdə iştirak edən Avropa rəsmilərinin tutduqları vəzifələr və kurasiya etdikləri sahələr bu təmasların institusional əhatəsini və siyasi əhəmiyyətini müəyyənləşdirir. 

Şəbnəm ZEYNALOVA

XQ-nin siyasi analitiki, 

Dövlət İdarəçilik Akademiyasının dosenti, 

siyasi elmlər üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью