Aİ Azərbaycan: genişlənən əməkdaşlıqda Orta Dəhliz amili

21.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Son 5 ildə baş verən geosiyasi dəyişikliklər – xüsusilə Avropada enerji bazarının köklü yenidən qurulması və Şərq–Qərb yük axınlarının yeni marşrutlar axtarması – Bakını Avropa ilə Mərkəzi Asiyanı birləşdirən xətlərin qovşağına çevirib. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər də yeni mərhələyə qədəm qoyub: 2000-ci illərin əvvəllərində “Şərq Tərəfdaşlığı” çərçivəsində adi tərəfdaş kimi qəbul edilən Bakı bu gün Brüssel üçün həm enerji təhlükəsizliyinin, həm tranzit diversifikasiyasının, həm də Cənubi Qafqazda sabitliyin əsas daşıyıcısıdır.

“Orta Dəhliz”in önəmi

“Orta Dəhliz” – Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Çin dəmir yolu şəbəkəsini Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz, Türkiyə və Şərqi Avropa üzərindən Avropa İttifaqı ilə birləşdirən multimodal nəqliyyat sistemidir. Bu marşrutun Xəzər sahilindəki əsas qovşaqları Azərbaycanda Bakı/Ələt, Qazaxıstanda Aktau/Kurık və Türkmənistanda Türkmənbaşı limanlarıdır. Bakının rolu isə bu zəncirdə unikaldır: Xəzərin qərb sahilindəki yük axını məhz Bakı limanından keçərək quru yolla, Bakı–Tbilisi–Qars dəmir yolu vasitəsilə Avropaya hərəkət edir.

Bakı–Tbilisi–Qars xətti 2017-ci ildə istifadəyə verilib və ilkin gücü ildə 1 milyon sərnişin və 6,5 milyon ton yük daşımaqdır; proqnozlara görə 2034-cü ilə qədər bu rəqəmlər ildə 3 milyon sərnişinə və 17 milyon ton yükə çatdırılacaq. Maraqlıdır ki, bu infrastrukturun hamısı – həm Ələtdəki yeni Bakı limanı, həm BTQ dəmir yolu məhz Azərbaycan dövlətinin vəsaiti ilə qurulub. Bu amil Bakının nəinki tranzit ölkə, həm də layihənin maliyyə və siyasi təşəbbüskarı kimi mövqeyini göstərir.

Hazırda dəhlizin illik gücü təqribən 5,8 milyon ton qiymətləndirilir və 2027-ci ilə qədər 10 milyon tona çatdırılması proqnozlaşdırılır. Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Rusiya ərazisindən keçən «Şimal Dəhlizi»nin sanksiyalar və logistik risklər üzündən çətinləşməsi Çin–Avropa yük axınını alternativ marşrutlara yönəltdi. Şimal dəhlizi üzrə daşımalar işğaldan sonra 40 faiz azaldı. Məhz bu kontekstdə Orta Dəhliz özünü ən etibarlı alternativ kimi təsdiqlədi. Dəhlizin ümumi uzunluğu təqribən 6500 kilometrdir və o, şimal marşrutu ilə müqayisədə məsafəni 3000 kilometrədək qısaldır, vaxt itkisini isə 10-15 gün azaldır.

Zəngəzur dəhlizinə maraq

Orta Dəhlizin potensialının tam reallaşması üçün ən vacib halqa Zəngəzur dəhlizidir – Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat xətti. Bu dəhliz reallaşdıqca Azərbaycanın Orta Dəhlizdəki tranzit rolu daha da möhkəmlənəcək: Mərkəzi Asiya yükləri üçün həm Xəzər–Qafqaz–Türkiyə xətti, həm də cənub alternativi genişlənəcək. Siyasi təhlil baxımından mühüm məqam odur ki, Zəngəzur dəhlizi strateji əhəmiyyət daşıyır: o, regionda nəqliyyat xəritəsini yenidən çəkməklə yanaşı, Azərbaycanın və Türkiyənin Cənubi Qafqazdakı mövqeyini gücləndirir və Avropa–Asiya yük axınının təhlükəsizliyinə xidmət edir. Layihənin tam reallaşması üçün siyasi iradə və qarşılıqlı razılıq hələ də vacib şərt olaraq qalır. Lakin Xəzəryanı ölkələrin və Avropanın diversifikasiya marağı bu istiqamətdə ən güclü hərəkətverici qüvvədir.

Enerji diplomatiyası

Avropa ilə Azərbaycanı birləşdirən xətlərin ikinci istiqaməti və bəlkə də ən yetkini enerji marşrutlarıdır. Cənub Qaz Dəhlizi üç mərhələdən ibarətdir: 2006-cı ildə istifadəyə verilmiş Cənubi Qafqaz Boru Kəməri (Bakı–Tbilisi–Ərzurum), 2018-ci ilin iyununda Türkiyəyə ilk qazı çatdırmış Trans–Anadolu Boru Kəməri və 2020-ci ildə tamamlanmış Trans-Adriatik Boru Kəməri. Ümumilikdə dəhliz ildə 16 milyard kubmetr qaz daşımaq gücünə malikdir: 6 milyardı Türkiyəyə, 10 milyardı Avropaya nəzərdə tutulub. Avropaya ilk kommersiya qaz tədarükü 2020-ci ilin dekabrında başlayıb və 2021-ci ilin əvvəlinə İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycan qazını almağa başlayıb. Münasibətlərin əsas dönüş nöqtəsi isə 2022-ci ilin 18 iyulunda imzalanmış sənəddir. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə Enerji Sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzaladı.

Sənədə görə Azərbaycan Avropaya qaz ixracını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq öhdəliyi götürdü. Bu memorandum həm də siyasi sənəddir: Rusiya qazından asılılığını azaltmağa çalışan Avropa üçün Azərbaycan ən etibarlı alternativ təchizatçılardan birinə çevrildi. Sonrakı addımlar da bunu təsdiqlədi. 2022-ci ilin dekabrında Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan Azərbaycan qazının çatdırılması üçün öz qaz şəbəkələrini modernləşdirməyə razılaşdılar; Yunanıstan–Bolqarıstan interkonnektoru fəaliyyətə başladı, Bolqarıstan–Serbiya və Serbiya–Şimali Makedoniya interkonnektorları isə injşa mərhələsindədir. Beləliklə, Xəzər qazı indi Balkanların daxilinə qədər uzanır və bu xəritənin mərkəzində yenə Bakı dayanır.

“Yaşıl” keçid

Avropa–Azərbaycan əməkdaşlığının ən perspektivli yeni istiqaməti isə yaşıl enerjidir. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qara dəniz sualtı elektrik kabeli layihəsinə dair saziş imzaladılar. Layihə Cənubi Qafqazı Rumıniya vasitəsilə Avropa enerji sistemi ilə birləşdirəcək: 1195 kilometr uzunluğunda kabelin 1100 kilometri sualtı, 95 kilometri quru hissəsindədir.

Ən maraqlı siyasi detallardan biri isə texniki parametrlərin təkamülüdür: kabelin ilkin gücü 1 giqavat nəzərdə tutulsa da, Azərbaycanın fəal iştirakı nəticəsində bu rəqəm 4 giqavata qaldırıldı. Bu, Bakının layihədə həlledici səlahiyyət daşıyıcısı olduğunu göstərir. Avropa Komissiyası kabelin çəkilişi üçün 2,3 milyard avro ayırmağı vəd edib. Qeyd edək ki, bu, Avropanın Cənubi Qafqaz infrastrukturuna ən iri maliyyə öhdəliyidir.

Regional təhlükəsizlik

Aİ–Azərbaycan münasibətlərinin üçüncü dayaq nöqtəsi regional təhlükəsizlikdir və bu sahədə dinamika əhəmiyyətli dəyişib. 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi münasibətlərin hüquqi əsasını qoyub; 2017-ci ilin fevralından isə tərəflər yeni hərtərəfli saziş üzrə danışıqlar aparırlar. Qeyd edilməlidir ki, Aİ Azərbaycanın ticarət dövriyyəsinin 50 faizdən çoxunu əhatə edən ən böyük ticarət tərəfdaşı və təqribən 7 milyard avro birbaşa investisiya ilə ən iri xarici investordur.

Yəni bu münasibətlər real iqtisadi qarşılıqlı asılılıq üzərində qurulub. 2020-ci ildən sonrakı dövrdə Aİ Cənubi Qafqazda sülh prosesində fəal vasitəçi rolunu öz üzərinə götürdü: 2021-ci ildən etibarən Brüssel Azərbaycan–Ermənistan danışıqları üçün yeni platforma yaratdı və Avropa Şurasının Prezidentinin vasitəçiliyi ilə iki ölkənin liderləri 2022-ci ildə Brüsseldə bir neçə dəfə görüşdülər.

Sonrakı mərhələdə tərəflər birbaşa ikitərəfli danışıqlar formatına keçdilər və sülh müqaviləsi prosesi yeni dinamika qazandı. Münaqişənin həlli ilə bağlı «vasitəçilik» söhbəti getdikcə arxa plana keçdi, regionda sabitliyin daşıyıcısı kimi Azərbaycanın öz mövqeyi və qonşularla birbaşa dialoqu önə çıxdı. Avropa üçün isə əhəmiyyətli olan nəticə birdir – Şərq-Qərb dəhlizinin keçdiyi Cənubi Qafqazda sabitlik Orta Dəhlizin və enerji marşrutlarının fasiləsiz işləməsinin əsas şərtidir. Yəni Bakının regionda sabitlik marağı ilə Brüsselin diversifikasiya marağı tam üst-üstə düşür.

Son beş ilin təcrübəsi göstərdi ki, Avropanı Mərkəzi Asiya ilə birləşdirən hər bir mühüm xətt – istər yük dəhlizi, istər qaz kəməri, istərsə də elektrik kabeli ya Bakıdan keçir, ya da Bakıda qovuşur. Aİ–Azərbaycan münasibətlərinin gələcəyi məhz bu üç xəttin – tranzit, enerji və təhlükəsizlik – kəsişməsində yazılacaq. Rəqəmlər artıq hər iki tərəfin marağının real olduğunu sübut edir.

Əgər Orta Dəhliz Avropa ilə Asiya arasında ən etibarlı körpüdürsə, Bakı həmin körpünün qala qapısıdır və bu qapı artıq həm ticarətə, həm enerjiyə, həm də əməkdaşlığın yeni səhifələrinə açıqdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью