Banco.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqına (Aİ) üzv ölkələr 2028-2034-cü illəri əhatə edən yeni büdcənin əsas istiqamətləri üzrə razılıq əldə edə bilməyiblər.
Banco.az xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Antonio Koşta Aİ sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, üzv ölkələr büdcənin ümumi həcmi, vəsaitlərin istiqamətlər üzrə bölüşdürülməsi və yeni maliyyələşmə mənbələri ilə bağlı fərqli mövqelər sərgiləyirlər.
Müzakirələr zamanı bəzi ölkələr ümumi büdcənin azaldılmasını, digərləri isə maliyyələşmənin artırılmasını tələb edib.
Vəsaitlərin bölüşdürülməsi məsələsində də fikir ayrılıqları yaranıb. Bir sıra ölkələr kənd təsərrüfatına ayrılan maliyyənin azaldılmasına qarşı çıxıb. Xüsusilə Fransa bu sahəyə dövlət dəstəyinin qorunmasını tələb edir.
Şərqi Avropa ölkələri isə Aİ-nin regionlar arasında iqtisadi və sosial fərqləri azaltmağa yönəlmiş Birlik Fondunun saxlanılmasında maraqlıdır.
Sammitdə müzakirə olunan kompromis büdcə planının həcmi 1,52 trilyon avro təşkil edib. Büdcədənkənar fondlar da nəzərə alındıqda bu məbləğ 1,75 trilyon avroya çatır.
Təklif olunan plan Avropa Komissiyasının ilkin layihəsindən 204 milyard avro azdır.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen də yeni yeddiillik büdcənin təsdiqlənməsinin çətin olacağını bildirib.
Qeyd edək ki, yeni büdcə planında müdafiə xərclərinin əvvəlki 2021-2027-ci illər büdcəsi ilə müqayisədə təxminən 10 dəfə artırılması nəzərdə tutulur.
Büdcə ilə bağlı yekun razılaşmanın əldə olunması üçün müzakirələr dekabr ayında davam etdiriləcək.