Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Strateji uyğunsuzluqların anormal anatomiyası
Avropa İttifaqı son onilliklərdə bir neçə paralel böhran dalğası ilə üz-üzə qalıb. Proseslərin hər biri qurumun institusional dayanıqlılığını və siyasi koordinasiya qabiliyyətini sınağa çəkib. Lakin hazırkı mərhələdə problem artıq Birliyin öz daxilində davamlı və işlək balans mexanizmi formalaşdıra bilməməsindən irəli gəlir.
Xatırladaq ki, Aİ-nin fəaliyyəti kompromislər üzərində qurulmuşdu. Əslində bu, təbiidir, çünki müxtəlif iqtisadi və siyasi mədəniyyətlərə, təhlükəsizlik prioritetlərinə malik dövlətlərin vahid masa arxasında qərar qəbul etməsi heç də asan deyil. Lakin əvvəlki mərhələlərdə Fransa–Almaniya oxu bu balansın əsas dayağı kimi çıxış edirdi. Son illərdə bu mexanizmin zəiflədiyi açıq şəkildə hiss olunur. Almaniyanın daxili siyasi transformasiyası, enerji strategiyasında yaşadığı sarsıntılar və hərbi-siyasi ehtiyatlılığı Fransa üçün liderlik boşluğu yaradıb. Paris bu boşluğu doldurmağa çalışsa da, nəticə etibarilə həm Aİ daxilində, həm də ölkə daxilində artan gərginliklə üzləşir. Fransanın daxili siyasi mənzərəsi ilə Aİ-dəki institusional gərginliklər arasında paralellər də təsadüfi deyil. Parisdə sosial narazılıqların dərinləşməsi, siyasi spektrin kəskin qütbləşməsi və icra hakimiyyətinin manevr imkanlarının daralması Fransa diplomatiyasının Avropa miqyasında daha sərt və bəzən riskli təşəbbüslərlə çıxış etməsinə səbəb olur. Bu isə konsensus üzərində qurulmalı olan Aİ mexanizmlərində əlavə gərginlik yaradır. Nəticədə qurumun aparıcı dövlətlərindən birinin daxili qeyri-sabitliyi ümumi Avropa balansına birbaşa təsir göstərir.
Ukrayna məsələsi ziddiyyətlərin ən kəskin təzahür etdiyi sahələrdən biridir. Aİ daxilində Ukraynaya siyasi, maliyyə və hərbi yardımın zəruriliyi ilə bağlı razılaşma mövcuddur. Əksər üzv dövlətlər bu yardımı həm beynəlxalq hüququn müdafiəsi, həm də Avropanın təhlükəsizlik arxitekturasının qorunması kimi qiymətləndirir. Amma bu yekdillik Ukraynanın Aİ-yə üzv qəbul edilməsi məsələsində yoxdur. Artıq prinsipial dəstəkdən çox, praktiki nəticələr və uzunmüddətli təsirlər ön plana çıxır. Macarıstanın Baş naziri Viktor Orbanın Ukraynanın 2027-ci ildə Aİ-yə üzvlüyü planına qarşı kəskin mövqeyi də məhz sözügedən narahatlıqların ifadəsi kimi dəyərləndirilə bilər. Orbanın arqumentləri əsasən iqtisadi və institusional çərçivəyə söykənir, Ukraynanın sürətli üzvlüyünün Aİ büdcəsinə ciddi yük gətirəcəyi, xüsusilə mərkəzi və şərqi Avropa ölkələrinin struktur fondlarından aldıqları payın azalacağı ehtimalı vurğulanır. Bu mövqe çox vaxt siyasi ritorika prizmasından şərh edilsə də, əslində, Aİ-nin genişlənmə mexanizminin maliyyə dayanıqlılığı ilə bağlı real sualları gündəmə gətirir.
Digər tərəfdən, Ukrayna Prezidenti Volodimir Zelenskinin 2027-ci ili üzvlük hədəfi kimi dəstəkləməsi ölkəsinin strateji seçimlərinin məntiqi davamıdır. Müharibə şəraitində olan bir dövlət üçün Aİ üzvlüyü həm də siyasi təhlükəsizlik və institusional qoruma mexanizmi kimi qəbul edilir. Avropa Komissiyasının 2027-ci il ilə bağlı rəsmi təsdiq verməməsi qurum daxilindəki ehtiyatlı yanaşmanın göstəricisidir. Komissiya bir tərəfdən Ukraynaya siyasi dəstəyi davam etdirməyə çalışır, digər tərəfdən genişlənmə prosesinin texniki və hüquqi şərtlərinin icrasının zaman tələb etdiyini anlayır.
2026-cı ildə Aİ daxilində strateji müzakirələrin kəskinləşməsi təsadüfi deyil. Qarşıdan gələn institusional islahatlar, yeni büdcə dövrü və geosiyasi risklərin artması fonunda üzv dövlətlər öz prioritetlərini yenidən müəyyənləşdirməyə çalışırlar. Bu mərhələdə Ukraynanın üzvlüyü məsələsi bir növ “lakmus kağızı”nı xatırladır. Cənub üzvləri üçün miqrasiya və Aralıq dənizi təhlükəsizliyi ön plandadır. Qərbi Avropa dövlətləri isə sosial-iqtisadi sabitliyi və daxili siyasi balansı qorumağa çalışır. İtaliyanın sözügedən məsələdəki mövqeyi də diqqət çəkir. İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tayani “Corriere della Sera”ya müsahibəsində bildirib ki, Balkan ölkələri Avropa İttifaqına qoşulma prosesində bir sıra digər ölkələrə nisbətən prioritetə malikdirlər. “Biz Ukraynanın Aİ-yə daxil olmasını dəstəkləyirik, amma Balkanlar birinci yerdədir. Biz onlara qarşı öhdəliklər götürmüşük və onlar bizim üçün prioritetdir”, – deyə o vurğulayıb.
Aİ daxildə balans formalaşdıra bilməməsini, sadəcə, cari siyasi böhranla əlaqələndirmək düzgün olmaz. Qurumun qərar qəbuletmə mexanizmləri sürətlə dəyişən geosiyasi mühitə adekvat cavab verməkdə çətinlik çəkir. Konsensus prinsipi üzv dövlətlərin suveren narahatlıqlarını qorumaq baxımından əhəmiyyətli olsa da, strateji çevikliyi zəiflədir. Ukrayna məsələsi bu paradoksu açıq şəkildə üzə çıxarır. Yəni siyasi həmrəylik var, lakin institusional qərarlılıq çatışmır. Bu kontekstdə diqqətçəkən məqam Aİ-nin genişlənmə siyasətinin tarixi təcrübəsidir. Şərqi Avropa ölkələrinin 2004 və 2007-ci illərdə sürətli inteqrasiyası həmin dövrdə Avropanın geosiyasi optimizmi ilə müşayiət olunmuşdu. Lakin sonrakı illərdə iqtisadi qeyri-bərabərliklər, hüququn aliliyi ilə bağlı mübahisələr və mərkəz–periferiya gərginliyi göstərdi ki, genişlənmə prosesinin sürəti ilə institusional uyğunlaşma arasında ciddi uyğunsuzluqlar mövcuddur.
Aİ-nin institusional böhranını həm də kommunikasiya böhranı adlandıra bilərik. Üzv dövlətlərin ictimaiyyətlərinə Ukrayna məsələsinin real nəticələri kifayət qədər açıq izah edilmir. Nəticədə populist və sadələşdirilmiş narrativlər üçün geniş meydan yaranır. Bu vəziyyət Aİ daxilində qərar qəbuletmənin legitimliyini sual altına alır və strateji məsələləri daxili siyasi alətə çevirir.
Yeganə HACIYEVA,
politoloq
Aİ-də genişlənmə məsələləri yekdillik prinsipinə əsaslanır. Böyük, ya kiçikliyindən asılı olmayaraq istənilən üzv dövlətin etirazı prosesi faktiki olaraq dayandırır. Qeyd etmək lazımdır ki, Ukraynanın Aİ-yə üzvlüyü məsələsində üzv ölkələrin etiraz səbəbləri müxtəlifdir. Konkret Macarıstan nümunəsinə baxsaq, Orban hökumətinin əsas narahatlığı Aİ-nin tədricən milli dövlətlərdən suveren səlahiyyətləri alaraq onları Brüsseldə mərkəzləşdirməsidir. Bu narahatlıq yalnız Macarıstana xas deyil. Aİ sistemli şəkildə üzv dövlətlərin milli hökumətlərinin məhkəmə sistemi, media, QHT-lər, miqrasiya və ailə siyasəti sahəsindəki səlahiyyətlərini öz üzərinə götürür, birbaşa təsir və nəzarət mexanizmləri formalaşdırır. Ukrayna ilə ortaq müdafiə mexanizmlərinin qurulması və Aİ–NATO koordinasiyasının gücləndirilməsi isə qaçılmaz olaraq milli qərarvermə imkanlarını daha da zəiflədəcək. Macarıstan və bu yanaşmadan narazı olan digər ölkələr milli orduların və müstəqil qərarvermə hüquqlarının qorunmasını vacib hesab edirlər. Bu mövqe həmin ölkələrin konstitusion tələbləri ilə də uzlaşır. Paralel olaraq, Ukraynanın Aİ fondlarından böyük həcmdə maliyyə vəsaiti alması bu resurslara daha sərt nəzarət və mərkəzləşdirilmiş audit mexanizmlərinin yaradılmasını qaçılmaz edəcək. Bu presedent gələcəkdə oxşar mexanizmlərin Macarıstan və digər üzv ölkələrə də tətbiq oluna biləcəyi ehtimalını yaradır.
Aİ tarixində ilk dəfə olaraq aktiv müharibə şəraitində olan bir ölkənin üzvlüyünün müzakirə edilməsi Birliyi avtomatik şəkildə münaqişənin bir tərəfinə çevirə bilər. Bu baxımdan, məsələ mediada təqdim olunduğu kimi yalnız Macarıstanın və ya Orbanın Rusiya ilə münasibətləri izah edilə biləcək qədər bəsit deyil. Əsas narahatlıqlar Brüsselin səlahiyyətlərinin genişlənməsi, milli hökumətlərin manevr imkanlarının daralması, “dəyərlər” adı altında siyasi təzyiq mexanizmlərinin güclənməsi və digər daha dərin struktur riskləri ilə bağlıdır. Ukrayna isə bu proseslərin səbəbi deyil, daha çox Aİ üçün bir növ “bəhanə katalizator” rolunu oynayır. Bir sözlə, Ukraynanın üzvlüyü Aİ-ni daha federal və mərkəzləşmiş bir struktura yaxınlaşdıra bilər. Konsensus məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, Brüsseldə artıq klassik “tam üzvlük” modelindən uzaqlaşma tendensiyası açıq şəkildə hiss olunur. Aİ rəsmiləri getdikcə daha çox alternativ, çevik inteqrasiya formalarının müzakirəsinə üstünlük verirlər. Mənim fikrimcə, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı ən real ssenari mərhələli üzvlük modelidir. Bu model çərçivəsində Ukrayna ilkin mərhələdə vahid bazara çıxış əldə edə, bəzi Aİ fondlarından yararlana və hətta məhdud qərarvermə hüquqlarına sahib ola bilər.
Nəzrin ELDARQIZI
XQ