Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif:Mehin Qasımova,Banco.az
Avropa İttifaqında (Aİ) gömrük prosedurlarının rəqəmsallaşdırılması və sadələşdirilməsi, eləcə də üzv dövlətlər arasında tətbiq fərqlərinin azaldılması məqsədilə hərtərəfli gömrük islahatına başlanılıb.
Banco.az xəbər verir ki, Avropa Komissiyasının məlumatına görə, Avropa Parlamenti və Aİ Şurası tərəfindən qəbul edilən və Aİ-nin Rəsmi Jurnalında dərc olunan yeni qaydalar bu gündən etibarən mərhələli şəkildə tətbiq ediləcək.
İslahatın əsas məqsədləri Aİ-nin gömrük sistemini rəqəmsallaşdırmaq, üzv dövlətlər arasında prosedurları uyğunlaşdırmaq, biznesin inzibati yükünü azaltmaq və sərhəd nəzarətində risklərin idarə edilməsini gücləndirməkdir.
İslahatın əsas komponentləri gömrük prosedurlarını tənzimləyən yeni Aİ Gömrük Məcəlləsi və Fransanın Lill şəhərində yerləşəcək Aİ Gömrük Administrasiyasıdır.
Yeni administrasiya üzv dövlətlərin gömrük orqanları arasında əməkdaşlığı gücləndirəcək, Aİ üzrə risklərin birgə qiymətləndirilməsini təmin edəcək və sərhədlərdə yaranan təhdidlərə qarşı koordinasiyalı tədbirlərin həyata keçirilməsinə kömək edəcək.
Reform çərçivəsində mövcud milli informasiya sistemlərini əvəz edəcək Aİ Gömrük Məlumat Mərkəzinin yaradılması da nəzərdə tutulur.
Yeni platforma vasitəsilə hazırda müxtəlif milli sistemlər üzərindən həyata keçirilən gömrük prosedurları mərhələli şəkildə vahid Aİ məlumat sisteminə inteqrasiya olunacaq. Bunun nəticəsində şirkətlər idxal və ixracla bağlı gömrük və məhsul məlumatlarını vahid platforma üzərindən təqdim edə biləcəklər.