Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.
Nəhayət, Avropa İttifaqı (Aİ) ilə MERCOSUR ölkələri arasında azad ticarət sazişi imzalanıb. Bununla da 1999-cu ildən etibarən təxminən 25 il davam davam edən danışıqlar uğurla başa çatıb.
Paraqvayda keçirilən mərasimdə sazişi Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen,
MERCOSUR ölkələrinin - Argentina, Paraqvay və Uruqvayın dövlət başçıları və Braziliyanın xarici işlər naziri imzalayıblar.
Saziş Avropa İttifaqı ilə MERCOSUR ölkələrini əhatə edən 700 milyondan çox əhalinin yaşadığı bölgələri birləşdirən dünyanın ən böyük azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Boliviya MERCOSUR qrupuna daxil olsa da, ilk mərhələdə sazişə qoşulmayacaq.
Cənubi Amerikanın “gömrük ittifaqı”
MERCOSUR və ya MERCOSUL adlandırılan və siyasi-iqtisadi səciyyə daşıyan birliyin yaranma ideyası ötən əsrin səksəninci illərində yaşanan böhranlar və meydana çıxan çağırışları fonunda gündəmə gəlib. Belə ki, 1986-cı ildə Argentina və Braziliya iqtisadi əməkdaşlıq və davamlı inteqrasiyanın inkişafı ilə bağlı birgə layihələrini irəli sürüblər. Layihələr digər ölkələr üçün də açıq elan olunub.
Çağırış müsbət dəyərləndirilib və sonrakı mərhələdə genişlənmə baş verib. 1991-ci ilin mart ayında Paraqvayın Asunsone şəhərində gömrük birliyi və ümumi bazar - MERCOSUR-un yaradılması haqqında dördtərəfli müqavilə imzalanıb. Müqqavilədə Argentina və Braziliya ilə yanaşı, Uruqvay və Paraqvay da təmsil olunurdular. 1994-cü ildə isə Asunsone müqaviləsinə əlavə olaraq sərbəst ticarət zonasının yaradılmasını və sonradan onun gömrük birliyi ilə əvəz olunmasını təsdiq edən yeni müqavilə imzalanıb. 1995-ci ildə bu müqavilə qüvvəyə minib və birliyin sərhədləri daxilinə üçüncü ölkədən məhsul idxalına dair ümumi gömrük tarifləri tətbiq olunmağa başlayıb.
Təşkilatın nüfuzu artdıqca Cənubi Amerikanın başqa dövlətləri də buraya qoşulmağa başlayıblar və beləliklə də müqavilədə iştirakçıların sayı artıb. Hazırda MERCOSUR Argentina, Braziliya, Paraqvay (dayandırılıb), Uruqvay və Venesuela arasında imzalanan iqtisadi və siyasi müqavilə statusundadır. Boliviya, Çili, Kolumbiya, Ekvador, Peru bu müqavilədə assosiativ üzvlər kimi təmsil olunurlar. Meksika və Yeni Zelandiya isə müşahidəçi üzvlərdirlər. MERCOSUR-un strateji məqsədi-qarşılıqlı intensiv ticarət, investisiyanın effektiv istifadəsi əsasında üzvlərinin iqtisadi artımına zəmanət verən birliyin yaradılması, həmçinin subregionların beynəlxalq rəqabət qabiliyyətliliyinin artırılmasıdır.
MERCOSUR-u bir sıra hallarda Cənubi Amerikanın “gömrük ittifaqı” da adlandırırlar.
Aİ-nin yeni birlikdən hansı gözləntiləri var?
Beynəlxalq miqyasda müşahidə edilən geosiyasi proseslər Avropa İttifaqı üçün də yeni çağırışlar yaradıb. Məlumdur kii, hazırda dünyanın mənzərəsi ənənəvi qarşıdurmaların yeni məzmun və forma alması ilə səciyyələnir. Belə ki, ayrı-ayrı güc mərkəzləri açıq-aşkar ticarət müharibələrinə başlayaraq dünyada öz təsir imkanlarını daha da möhkəmlətməyə çalışırlar. Belə bir şəraitdə Avropa Komissiyası hazırda qlobal təchizatda yaranan çətinlikləri nəzərə almaqla Aİ-nin ticarət əlaqələrini şaxələndirmək strategiyasından çıxış edir. Bu, iqtisadi çətinliklər dönəmində Aİ məkanında yerləşən ölkələrin iqtisadi nəfəsliiyini genişləndirmək, həmçinin “qoca qitə”nin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Yeni azad ticarət zonası dünyada ən böyük beelə zona olacaq. Bununla da Aİ ilə MERCOSUR ölkələri arasında tariflər və digər maneələr böyük ölçüdə aradan qaldırılacaq. Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen “X” sosial şəbəkəsindəki paylaşımında MERCOSUR və Meksika ilə əldə olunan sazişlərin əhəmiyyətini qeyd edərək Avropanın şaxələndirməni ikiqat artırdığını və bunun yeni imkanlar açan tərəfdaşlıq olduğunu vurğulayıb. “Aİ biznesi və aqrar-ərzaq sektoru aşağı tariflərdən, azaldılmış xərclərdən faydalanacaq. Onlar qlobal miqyasda daha rəqabətədavamlı olacaqlar”, - deyə qurum rəsmisi bildirib.
Sazişin qüvvəyə minməsi ilə Aİ və MERCOSUR ölkələri arasında tariflər və digər maneələr böyük ölçüdə aradan qaldırılacaq. 2024-cü ildə iki tərəf arasında ticarət dövriyyəsi 112,3 milyard avro təşkil edib. Komissiya hesab edir ki, saziş Avropanın Cənubi Amerikaya illik ixracını 39 faiz - 49 milyard avro artıraraq, qitə üzrə 440 mindən çox iş yerini dəstəkləyə bilər. Xüsusilə avtomobil, maşınqayırma və əczaçılıq sənayesi üçün böyük imkanlar gözlənilir.
Fransa, Polşa və İtaliyanın kənd təsərrüfatı sahəsində narahatlıqları sazişin təsdiqini əvvəlcə çətinləşdirsə də, indi Paris və Varşavadan müsbət siqnallar verilir. Tərəflər Aİ-yə 99 min ton əlavə dana əti, 30 min ton isə pendir üçün kvota tanıyır. Almaniya və İspaniya sazişi iqtisadi asılılığın azaldılması baxımından strateji addım hesab edir.
Avropalı fermerlər yeni sazişə qarşı
Aİ rəsmilərinin nikbin açıqlamalarına rəğmən, kənd təsərrüfatı lobbiləri və ekoloji təşkilatlar razılaşmanın Amazon kimi meşələrin qırılmasını sürətləndirə biləcəyindən ehtiyatlanırlar. Eyni zamanda, avropalı fermerlər yeni sazişə qarşı çıxırlar. Bu günlərdə minlərlə fermer Strasburqda Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib.
Yerli mediayanın yaydığı xəbərlərə əsasən, aksiyada Fransadan əlavə, İtaliya, Almaniya və Belçikadan gələn fermerlər də iştirak ediblər. Etirazçılar sazişin Avropa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildirərək onun qüvvəyə minməsinin qarşısını almağı hədəfləyiblər.
Dörd minədək fermer Avropa Parlamentinin binası qarşısında toplaşıb. Aksiyada yüzlərlə traktorun iştirak etməsi diqqət çəkib. Nümayişçilər üzərində “Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və Avropa İttifaqı fermerləri və xalqı satıb” və “Zəhərli sazişlərə yox” kimi şüarların yazıldığı plakatlar qaldırıblar.
Aksiyalarla əlaqədar Avropa institutları ətrafında geniş təhlükəsizlik tədbirləri görülüb. Buna baxmayaraq, bəzi etirazçılar Parlament binasını əhatə edən baryerləri aşmağa cəhd göstəriblər.
Avropa Ədalət Məhkəməsi sazişə “hə” deyəcəkmi?
Avropa Parlamenti Avropa İttifaqı ilə MERCOSUR ölkələri arasında imzalanmış azad ticarət sazişinin Avropa Ədalət Məhkəməsi tərəfindən hüquqi baxımdan yoxlanılması barədə qərar qəbul edib. Strasburqda keçirilən səsvermədə 334 deputat qərarın lehinə, 324 nəfər əleyhinə səs verib, 11 deputat bitərəf qalıb.
Təşəbbüs əsasən solçular və “Yaşıllar” fraksiyasının deputatları tərəfindən irəli sürülüb. Onlar sazişin iki hissəyə bölünməsini tənqid edərək bunun milli parlamentlərin səlahiyyətlərindən yan keçilməsi anlamına gəldiyini bildiriblər. Eyni zamanda, istehlakçıların müdafiəsi, ətraf mühit və heyvan rifahı sahəsində Aİ standartlarının zəiflədilə biləcəyindən narahatlıq ifadə olunur.
Almaniya Kansleri Fridrix Merts sazişin müvəqqəti tətbiqinin mümkünlüyünü müdafiə edib və parlamentin qərarını “təəssüfdoğuran” adlandırıb.
Sosial Demokratlar Partiyasının funksioneri Rene Repasi məhkəməyə müraciətin sazişin parlament təsdiqi olmadan müvəqqəti qüvvəyə minməsinə yol aça biləcəyi barədə xəbərdarlıq edib. “Greenpeace” təşkilatı isə belə bir addımı antidemokratik adlandırıb. Son sözü isə Avropa Ədalət Məhkəməsi deyəcək. Avropa Ədalət Məhkəməsi sazişə hansı hüquqi münasibəti bildirəcək? Hələlik sualın cavabı açıq qalır. Belə ki, Avropa Ədalət Məhkəməsinin rəyinin bir neçə ay ərzində açıqlanacağı gözlənilir.
Mübariz FEYİZLİ