Aİ nin Ermənistana hərbi çalarlı yardımı: Sülh fondu, yoxsa təhlükəli ikili standart?

29.01.2026

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqına üzv 27 dövlətin, o cümlədən Macarıstanın, Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro yardım ayrılmasını təsdiqləməsi regionda ciddi suallar doğurur. Qərarın Brüsseldə Aİ Şurasının iclasında qəbul edilməsi və bunun “sülhə dəstək” adı altında təqdim olunması isə məsələni daha da ziddiyyətli edir. Çünki Cənubi Qafqazın son illərdəki reallıqları bu addımın sülhə deyil, yeni gərginliklərə xidmət edə biləcəyini göstərir.

Rəsmi izahatlara görə, ayrılan vəsait Ermənistanın “müdafiə qabiliyyətinin artırılması” üçün nəzərdə tutulur. Məhz bu məqam Azərbaycanın haqlı narahatlığının əsasını təşkil edir. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni status-kvo formalaşıb və Azərbaycan dəfələrlə sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması ilə bağlı konstruktiv mövqe nümayiş etdirib.

Belə bir mərhələdə Ermənistanın silahlanmasına və ya hərbi infrastrukturunun gücləndirilməsinə yönəlmiş istənilən maliyyə dəstəyi sülh prosesinə stimul yox, əksinə, revanşist dairələri ruhlandıran təhlükəli mesajdır. “Sülh Fondu” adlanan mexanizmin hərbi məqsədlər üçün istifadə olunması Aİ-nin öz dəyərləri ilə də ziddiyyət təşkil edir.

Azərbaycan uzun illər beynəlxalq hüququn açıq şəkildə pozulmasına baxmayaraq, Qərb institutlarından real mövqe görməyib. Ermənistanın 30 ilə yaxın davam edən işğal siyasəti dövründə Aİ nə sanksiyalar tətbiq edib, nə də bu cür “yardımlar”ı şərtləndirib. İndi isə münaqişə faktiki olaraq həll olunduqdan sonra Ermənistanın maliyyə və hərbi baxımdan dəstəklənməsi ikili standartların bariz nümunəsi kimi qiymətləndirilir.

Bu yanaşma Aİ-nin vasitəçi və balanslı aktor imicinə ciddi zərbə vurur. Əgər Brüssel doğrudan da regionda davamlı sülh istəyirsə, tərəflər arasında etimadı pozan deyil, onu möhkəmləndirən addımlar atmalıdır.

Avropa İttifaqının Ermənistana Avropa Sülh Fondundan 20 milyon avro ayırması sülhə xidmət edən addım kimi təqdim olunsa da, mahiyyət etibarilə regionda güc balansını pozan və gərginliyi artıran qərardır. Azərbaycanın mövqeyi isə dəyişməzdir. Sülh silahlanma ilə deyil, siyasi iradə və məsuliyyətli davranışla mümkündür. Əgər Aİ doğrudan da Cənubi Qafqazda sabitlik istəyirsə, bunu tərəflərdən birini silahlandırmaqla deyil, ədalətli və balanslı siyasətlə sübut etməlidir.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью