Aİ ölkələrində külək enerjisi istehsalı artıb

06.07.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İlin birinci rübündə Avropa İttigaqında bərpa olunan enerji mənbələri elektrik enerjisi istehsalında öz çəkisini artırıb, bu istehsalın təxminən yarısını təşkil edən külək enerjisi isə liderliyini qoruyub.

Avropa Statistika İdarəsinin (Eurostat) məlumatına görə, ilin birinci rübündə AB-də elektrik enerjisinin 45,5 faizi bərpa olunan mənbələrdə istehsal olunub. Beləliklə, əvvəlki ilin eyni dövründə 42,7 faiz olan bərpa olunan elektrik enerjisi istehsalının payı 2,8 bal artıb.

Bərpa olunan mənbələrdən alınan elektrik enerjisinin 44,9 faizi külək elektrik stansiyalarında istehsal olunub. Su elektrik stansiyalarının payı 28 faiz, günəş enerjisinin payı isə 17,3 faiz olaraq qeydə alınıb.

Bu güclü göstərici son illərdə sürətlənən investisiyalarla da dəstəklənir. Avropa külək enerjisi sektoru assosiasiyası olan WindEurope-a görə, keçən il Avropada 19,1 gigavatt yeni külək enerjisi tutumu istismara verilib, 15,1 gigavatt isə Aİ ölkələrində quraşdırılıb. Bu, Avropanın ümumi quraşdırılmış külək enerjisi tutumunu 304 gigavatta, Aİ-nin isə 246 gigavatta çatdırıb.

Yeni tutumun 90 faizi quruda yerləşən külək elektrik stansiyalarından, təxminən 2 gigavatt dənizdə yerləşən külək gücü isə elektrik şəbəkəsinə qoşulub. Bərpa olunan elektrik enerjisi sahəsində ölkələr arasında fərq gözə çarpır.

Məlumatlar göstərir ki, üzv dövlətlər arasında bərpa olunan elektrik enerjisi istehsalında fərq əhəmiyyətli olaraq qalır. Birinci rübdə elektrik enerjisinin 90 faizini bərpa olunan mənbələrdən istehsal edən Danimarka Aİ-ni üstələyib. Danimarkada istehsalın əksəriyyəti külək elektrik stansiyalarından gəlirdi.

Portuqaliya 82,9 faiz ilə ikinci yeri tutub. Su elektrik stansiyalarının istehsalı bu ölkənin elektrik sistemində həlledici rol oynayır. Litva 75,7 faiz ilə üçüncü yerdə qərarlaşıb, burada külək enerjisi üstünlük təşkil edib.

Çexiya (12,7 faiz), Malta (13 faiz) və Slovakiya (17,2 faiz) ümumi istehsalda bərpa olunan elektrik enerjisinin ən aşağı payına malikdir.Ölkələr arasındakı fərq investisiya səviyyələri, coğrafi şərait, su elektrik potensialı, dənizdəki külək gücü, elektrik şəbəkələrinin strukturu və tətbiq olunan enerji siyasətləri ilə müəyyən edilir.

Aİ-nin hazırkı iqlim siyasətinə əsasən, məqsəd 2030-cu ilə qədər ittifaq üzrə ümumi elektrik enerjisi istehsalının 69 faizinin bərpa olunan enerji mənbələrindən əldə edilməsidir.Bu məqsədə uyğun olaraq, WindEurope 2026-2030-cu illər arasında Aİ ölkələrində 112 giqavatt yeni külək enerjisi gücü istifadəyə veriləcəyini proqnozlaşdırır. Əgər bu baş verərsə, Aİ-nin ümumi quraşdırılmış külək enerjisi gücünün 2030-cu ildə 343 giqavatt çatacağı gözlənilir.

Beynəlxalq enerji beyin mərkəzi Ember tərəfindən hazırlanan Avropa Elektrik Enerjisi Qiymətləndirmə hesabatı da bu transformasiyanı təsdiqləyir. Hesabata görə, 2025-ci ildə ilk dəfə olaraq Aİ-də külək və günəş elektrik stansiyaları qazıntı yanacaqlarından daha çox elektrik enerjisi istehsal edib. Elektrik enerjisi istehsalının 30 faizi külək və günəş enerjisindən qaynaqlandığı üçün qazıntı yanacaqlarının payı 29 faizə düşüb ki, bu da enerji keçidinin struktur olaraq sürətləndiyini göstərir.

M.MİRZƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью