Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa İttifaqı (Aİ) liderləri ilin sonunadək bir sıra mühüm məsələlər üzrə razılığa gəlməyə çalışırlar. Bunlara Ukraynanın maliyyələşdirilməsi və Rusiya ilə danışıqlar üçün vasitəçinin tapılması da daxildir.
Teleqraf xəbər verir ki, bu barədə “Rapporteur” portalı məlumat yayıb.
Məlumata görə, Avropa Şurasının Prezidenti Antonio Koşta bu məqsədlə üç sammitdən ibarət görüşlər silsiləsi çərçivəsində mübahisəli məsələlər üzrə kompromisə nail olmağa çalışacaq. Bu həftə Dublində keçiriləcək qeyri-rəsmi görüşlə başlayacaq proses Milad bayramı ərəfəsində Brüsseldə baş tutacaq həlledici sammitlə yekunlaşacaq.
Görüşlərin gündəliyində Aİ-nin növbəti yeddiillik büdcəsi ilə bağlı razılaşma, Avropa Mərkəzi Bankının rəhbəri vəzifəsində Kristin Laqardın əvəzlənməsi və Ukraynaya 45 milyard avro məbləğində maliyyə yardımı planı yer alır.
İtaliyanın Baş naziri Corcia Meloni də siyasi təzyiqi artıraraq gündəliyə Rusiya ilə danışıqlarda Aİ-nin maraqlarını təmsil edəcək nüfuzlu vasitəçinin tapılması məsələsini daxil edib.
“Rapporteur” qeyd edir ki, yaxın vaxtlarda bəzi Aİ ölkələrində seçkilərin keçirilməsi 2027-ci ildə mübahisəli məsələlər üzrə razılığa gəlməyi çətinləşdirə bilər.
Bundan əlavə, Almaniya və Niderland büdcə ilə bağlı danışıqları Kiyevə vəsait ayrılması məsələsi ilə əlaqələndirirlər. Aİ gələn il 70 milyard avro həcmində qiymətləndirilən Ukrayna büdcəsi kəsirinin üçdə ikisini qarşılamağı öhdəsinə götürsə də, maliyyələşdirmənin konkret mexanizmi hələ hazırlanmayıb.
İttifaq daxilində bu məsələyə münasibət fərqlidir. Liderlərin bir qismi hər iki problemin əlaqəli şəkildə həllinin daha səmərəli olduğunu düşünür. Digərləri isə bu məsələlərin birləşdirilməsinin hər iki istiqamətdə razılığın əldə olunmasına mane olacağından ehtiyat edirlər.