Aİ Ukrayna üçün əlavə maliyyə dəstəyi almağa çalışır

21.10.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Avropa İttifaqı Ukraynanın 2027-ci ildə üzləşəcəyi 70 milyard avroluq maliyyə çatışmazlığını aradan qaldırmaq üçün Kanada və Böyük Britaniyanı bu ölkəyə yardımı artırmağa inandırmağa hazırlaşır. Brüssel qarşıdakı yüksək səviyyəli görüşlərdə tərəfdaşlarla əlavə maliyyə dəstəyini müzakirə etməyi planlaşdırır.

“Ukrainska Pravda” nəşrinin yaydığı məlumata görə, Aİ bu məsələni oktyabrın 29–30-da keçiriləcək Aİ–Kanada sammitində və noyabrın 20-də nəzərdə tutulan Aİ–Böyük Britaniya görüşündə gündəmə gətirə bilər. Nəşr məlumatı “Politico”ya, onun isə Avropa Komissiyasının rəsmiləri və Aİ diplomatları arasındakı mənbələrinə istinadən yayıb.

Məlumata əsasən, Avropa İttifaqı 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avroluq kredit ayırmağı nəzərdə tutub. Bu vəsaitin Ukraynanın maliyyə ehtiyaclarının təxminən üçdə ikisini qarşılaması gözlənilir. Brüssel digər beynəlxalq tərəfdaşların, o cümlədən Kanada, Yaponiya, Cənubi Koreya, Avstraliya və Norveçin əlavə 45 milyard avro ayıracağını da gözləyirdi. Lakin vəsaitlərin bir hissəsinin gecikməsi və Ukraynanın xərclərinin artması gələn il üçün maliyyə çatışmazlığı riskini gücləndirir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen oktyabrın 16-da beynəlxalq tərəfdaşları Ukraynaya dəstəklərini artırmağa çağırıb. Avropa rəsmilərinin mövqeyinə görə, məqsəd Kanada və Böyük Britaniyanın əvvəlki yardımını şübhə altına almaq deyil, Ukraynanın artan maliyyə ehtiyaclarının qarşılanması üçün beynəlxalq yük bölgüsünü genişləndirməkdir.

Nəşrin məlumatında bildirilir ki, Böyük Britaniya indiyədək Ukraynaya 25 milyard funt sterlinq dəstək ayırıb. Kanada hökumətinin nümayəndəsi isə ölkəsinin hərbi, maliyyə, humanitar və inkişaf yardımı daxil olmaqla, Ukraynaya təxminən 26 milyard Kanada dolları həcmində dəstək göstərdiyini bildirib.

Bununla belə, Kanada və Böyük Britaniyanın yeni maliyyə öhdəlikləri götürməsi barədə yekun qərar açıqlanmayıb. Hazırda söhbət Aİ-nin əlavə dəstək üçün diplomatik danışıqlara hazırlaşmasından gedir.

N.Adilqızı
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью