Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
Avropa İttifaqı Ukraynaya hərbi dəstək missiyası çərçivəsində yeni qərar qəbul edib. Belə ki, qurum ilk dəfə olaraq Ukrayna ərazisində rəsmi hərbi mövcudluq yaratmağı planlaşdırır.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, qərar Ukraynaya hərbi yardım missiyasının (EUMAM Ukraine) strateji təhlili çərçivəsində qəbul edilib. Yeni addımın əsas məqsədi Ukraynanın hərbi rəhbərliyi və tərəfdaş ölkələrlə birbaşa əlaqələndirməni gücləndirmək, həmçinin Avropa tərəfindən təşkil olunan hərbi təlimləri Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına uyğunlaşdırmaqdır.
Bununla yanaşı, Ukraynada yerləşdiriləcək hərbi kontingentin sayı və tərkibi barədə hələlik məlumat açıqlanmayıb.
Xatırladaq ki, Ukrayna hərbçilərinin hazırlanmasını nəzərdə tutan EUMAM missiyası 2022-ci ildə yaradılıb. İndiyədək təlimlər Avropa İttifaqına üzv ölkələrin ərazilərində həyata keçirilib.
Noyabrın 9-da Aİ Şurası missiyanın fəaliyyət müddətini daha iki il – 15 noyabr 2028-ci ilədək uzadıb. Eyni zamanda, missiyanın səlahiyyətləri genişləndirilib və bütün dövr üçün 300 milyon avro büdcə təsdiqlənib.