Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Avropa İttifaqı və Çin ikitərəfli ticarət və investisiya münasibətlərindəki problemləri həll etmək, ticarət balanssızlığını azaltmaq və mübahisələri idarə etmək üçün Brüsseldə yeni yaradılmış nazirlər səviyyəsində məsləhətləşmə mexanizminin ilk iclasını keçiriblər.
Avropa İttifaqının Ticarət üzrə Komissarı Maroş Şefçoviç və Çinin ticarət naziri Vanq Ventao Brüsseldə Aİ-Çin Ticarət və İnvestisiya Məsləhətləşmələri (TİM) çərçivəsində ilk dəfə görüşüblər. Görüşdən sonra yayımlanan birgə bəyanatda bildirilib ki, yeni mexanizmin əsas məqsədi ticarət və investisiya siyasəti üzrə nazirlər səviyyəsində dialoqu gücləndirmək, ikitərəfli iqtisadi münasibətləri sabitləşdirmək və balanslaşdırmaqdır.
Bəyanatda Aİ və Çin arasında ticarət münasibətlərinə təsir edən məsələlərin həllinin vacibliyi vurğulanıb və bu problemlərə praktik həll yolları hazırlamaq üçün razılığa gəlindiyi qeyd edilib. Həmçinin bəyanatda dörd əsas sahənin müəyyən edildiyi qeyd olunub: ticarət və investisiya balansına nail olmaq, ixrac nəzarəti, əqli mülkiyyət hüquqları və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) islahatı.
Tərəflərin öz rəsmilərinə bu mövzular üzrə texniki səviyyəli işlərin aparılmasını tapşırdığı və növbəti nazirlər görüşünün 2026-cı ilin payızına planlaşdırıldığı bildirilib.
Bəyanatda həmçinin Aİ və Çinin ticarət axınları haqqında məlumatların paylaşılması, ticarətin monitorinqi və texniki işlərin dəstəklənməsi üçün birgə monitorinq mexanizmi yaratmaq barədə razılığa gəlindiyi qeyd olunub. Vurğulanıb ki, bu mexanizm şəffaflığı artırmaq, qarşılıqlı etimadı gücləndirmək və ticarət mübahisələrinin daha effektiv idarə olunmasına töhfə vermək məqsədi daşıyır.
Tərəflər gömrük tarifləri və qeyri-tarif maneələri ilə bağlı potensial düzəlişləri müzakirə ediblər, qarşılıqlı bazara çıxışla bağlı məsələlərin siyahılarını paylaşıblar və müzakirələri davam etdirmək qərarına gəliblər. Nəhayət, nadir torpaq elementləri və digər vacib xammal və minerallar üzrə Aİ-Çin İxrac Nəzarəti Dialoqunun bu günə qədərki müsbət nəticələrindən məmnunluq ifadə edilib.
Bəyanatda tərəflərin ÜTT islahatlarında konkret irəliləyiş əldə etmək və təşkilatın effektivliyini artırmaq üçün əməkdaşlığı gücləndirmək barədə razılığa gəldikləri və əqli mülkiyyət hüquqlarının qorunması və tətbiqində səmərəliliyi, ədaləti və şəffaflığı artırmaq üçün səylərini davam etdirəcəkləri vurğulanıb.
M.MİRZƏ
XQ