Aİ yeddiillik büdcəni 200 milyard avro azaldır

09.10.2026

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa İttifaqı ölkələrinin əvvəllər təxminən 2 trilyon avro həcmində planlaşdırılan yeddiillik büdcəsi 200 milyard avro azaldıla bilər.

Qaynarinfo xəbər verir ki, “Politico” nəşri bu barədə Aİ-nin 12 diplomatına istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, 2028–2034-cü illəri əhatə edən büdcəyə yenidən baxılması oktyabrın 10-da baş tutmalıdır. Ehtimal olunur ki, Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiya bütün üzv ölkələrin razılaşacağı kompromis təklif edəcək.

Büdcənin xarici siyasət fəaliyyətinə və xarici ölkələrə yardıma ayrılan vəsaitlərin azaldılması hesabına ixtisar edilməsi planlaşdırılır. Bununla yanaşı, fermerlərə dəstək məqsədilə ayrılan subsidiyaların, demək olar ki, dəyişməz qalacağı ehtimal olunur.

Bir həftə əvvəl Avropa Komissiyası büdcənin 1,76 trilyon avroya qədər azaldılmasını təklif etmişdi. Bu, əsasən kənd təsərrüfatına və regional inkişafa dəstək xərclərinin azaldılması hesabına nəzərdə tutulurdu. Qısa müddət sonra həmin subsidiyalardan daha çox asılı olan 17 cənub və şərq ölkəsi bu təklifə qarşı çıxıb.

Yeddiillik büdcə planı 2025-ci ilin iyulunda təqdim edilib və elə ilk gündən Avropa İttifaqı üzvləri arasında narazılığa səbəb olub. Almaniya və Niderland da daxil olmaqla, Qərbi Avropa ölkələri müdafiə xərclərinin artırılmasını, fermerlərə dəstəyin azaldılmasını və büdcənin ixtisar edilməsini tələb ediblər. Aİ-nin cənub ölkələri isə bunun əksini istəyiblər.

Avropa İttifaqı büdcəni 2026-cı ilin sonunadək yekun şəkildə təsdiqləməlidir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью