AİB Azərbaycanın dəmir yollarına investisiya ayırıb

08.10.2026

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Asiya İnkişaf Bankı (AİB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon ABŞ dolları məbləğində kredit ayırıb.

Bankın bununla bağlı açıqlamasında bildirilib ki, Biləcəri–Yalama dəmir yolu xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq şəbəkəsinin əsas bağlantılarından biridir və Azərbaycanın multimodal nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə yönəlmiş daha geniş strategiyasını dəstəkləyir. Bununla yanaşı, layihə ölkənin əhəmiyyətli dövlət müəssisələrindən biri olan “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) layihələrin idarə edilməsi üzrə potensialın artırılmasına imkan yaradacaq.

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durrani-Jamal isə qeyd edib ki, Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi ölkənin dəmir yolu üzrə nəqliyyat şəbəkəsinin daha rəqabətqabiliyyətli, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən dayanıqlı olmasına kömək edəcək. Onun sözlərinə görə, layihə dəmir yolu əməliyyatlarının daha təhlükəsiz şəkildə həyata keçirilməsinə, nəqliyyat xərclərinin azalmasına və regional bağlantıların güclənməsinə şərait yaradacaq.

İşlər tamamlandıqdan sonra yenilənmiş sistemlər bu xətt üzrə elektrik təchizatında sabit cərəyandan daha səmərəli və müasir əməliyyatlar üçün nəzərdə tutulmuş dəyişən cərəyana keçməsinə imkan verəcək. Bu investisiya vasitəsilə enerji istehlakının azalması, texniki xidmət üzrə xərclərin aşağı düşməsi, qatarların sürətinin artması və istixana qazı emissiyalarının azalması gözlənilir. Layihə, həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınlar üçün yeni imkanlar yaradacaq.

Yeri gəlmişkən, AİB bundan əvvəl Dəmir Yolu Sektorunun İnkişafı proqramı vasitəsilə ADY-ə dəstək göstərib. Bank həmin proqram çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin 166 kilometrlik hissəsinin modernləşdirilməsi və bərpası üçün maliyyə ayırıb. Bununla yanaşı, sözügedən proqram vasitəsilə sektor üzrə islahatların həyata keçirilməsinə, korporativ idarəetmənin və maliyyə idarəçiliyinin gücləndirilməsinə, eləcə də əməliyyatlar üzrə fəaliyyətlərdə səmərəliliyin artırılmasına da yardım göstərilib.

Qeyd edək ki, AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. Bank üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır. AİB 1966-cı ildə yaradılıb. Hazırda 50-si regiondan olmaqla bankın 69 üzvü onun səhmdarlarıdır.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью