AİB in regionda maliyyə idarəetməsinə dəstək proqramı

08.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da daxil olduğu Asiya-Sakit okean regionunda dövlət maliyyə idarəetməsi və dövlət satınalmaları sistemlərinin gücləndirilməsinə yönəlmiş yeni texniki yardım proqramını təsdiqləyib. “Asiya və Sakit okean regionunda fidusiar qiymətləndirmələrin aparılması və dövlət maliyyə idarəetməsi sistemlərinin gücləndirilməsi” adlı regional layihənin ümumi dəyəri 500 min ABŞ dolları təşkil edir.

Qeyd edək ki, AİB-in Texniki Yardım Xüsusi Fondu hesabına maliyyələşdirilən proqram 2026-2028-ci illərdə Azərbaycan da daxil olmaqla 43 ölkəni əhatə edəcək. Təşəbbüsün əsas məqsədi banka üzv ölkələrdə dövlət maliyyəsinin idarə edilməsi və dövlət satınalmaları sistemlərinin səmərəliliyini artırmaqdır. Layihə çərçivəsində iştirakçı ölkələrdə dövlət maliyyə idarəetməsi və dövlət satınalmaları sistemlərinin qiymətləndirilməsi, aşkar olunan problemlərin aradan qaldırılması üçün fəaliyyət planlarının hazırlanması, dövlət qurumlarının institusional potensialının gücləndirilməsi, habelə tətbiqi təlimlərin və bilik mübadiləsinin təşkili nəzərdə tutulur.

Bundan əlavə, proqram analitik materialların hazırlanması, region ölkələri arasında qabaqcıl təcrübə mübadiləsi, eləcə də beynəlxalq satınalma sistemlərinin qiymətləndirilməsi metodologiyasından (MAPS) istifadə etməklə dövlət satınalmalarının qiymətləndirilməsi alətlərinin təkmilləşdirilməsi və AİB-in bu sahədə beynəlxalq əməkdaşlığının genişləndirilməsini də əhatə edir.

Yeni təşəbbüsün əsasını əvvəlki texniki yardım layihəsinin nəticələri təşkil edib. Həmin layihə göstərib ki, dövlət maliyyəsinin idarə olunması və dövlət satınalmaları sistemlərinin birgə diaqnostikası işlərin təkrarlanmasını azaltmağa, islahat planlarının keyfiyyətini yüksəltməyə və dəyişikliklərin səmərəli şəkildə həyata keçirilməsini təmin etməyə imkan verir. Bununla yanaşı, əvvəlki layihə keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi, prioritetlərin daha dəqiq müəyyən edilməsi və məsləhətçilərin işinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi zərurətini aşkar edib.

Əldə edilmiş təcrübə nəzərə alınmaqla yeni proqram diaqnostikadan fəaliyyətə keçidə, keyfiyyətin ekspert tərəfindən qiymətləndirməsinin gücləndirilməsinə, icra mərhələlərinin daha aydın müəyyən edilməsinə və analitik işin mütəxəssislərin ixtisasının artırılması üzrə məqsədli proqramlarla uzlaşdırılmasına diqqəti cəmləşdirəcək. Proqram çərçivəsində dövlət maliyyə sistemlərinin şəffaflığının, hesabatlılığının və dayanıqlılığının artırılmasına kömək edən rəqəmsal həllərin tətbiqinə də xüsusi diqqət yetiriləcək.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью