Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın iştirakı ilə “Mərkəzi və Qərbi Asiyada inklüziv və dayanıqlı artım üçün rəqəmsal transformasiya” layihəsini nəzərdən keçirir. Bu barədə AİB-in rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan və Özbəkistanı əhatə edəcək layihənin əsas məqsədi Mərkəzi və Qərbi Asiya ölkələrində dayanıqlı iqtisadi artıma nail olmaq, iqtisadiyyatların davamlılığını artırmaq və regional inteqrasiyanı inkişaf etdirmək məqsədilə rəqəmsal transformasiyaya dəstək verməkdir. Bankın məlumatına görə, təşəbbüsün maliyyələşdirilməsi 1 milyon ABŞ dolları məbləğində Texniki Yardım üzrə Xüsusi Fond hesabına həyata keçiriləcək.
Layihə çərçivəsində rəqəmsal transformasiya, rəqəmsal və məlumat infrastrukturlarının inkişafı, genişzolaqlı internet, elektron hökumət, rəqəmsal bacarıqlar, məlumatların idarə olunması və kibertəhlükəsizlik sahələrində analitik araşdırmaların aparılması və tövsiyələrin hazırlanması nəzərdə tutulur. Bundan əlavə, təşəbbüs rəqəmsal ictimai infrastrukturun təkmilləşdirilməsinə, o cümlədən rəqəmsal identifikasiya, rəqəmsal ödənişlər və təhlükəsiz məlumat mübadiləsi sistemlərinin inkişafına dəstək göstərəcək. Bank ölkələrin Milli Məkan Məlumatları İnfrastrukturunun inkişaf ehtiyaclarının qiymətləndirilməsini və süni intellekt də daxil olmaqla yeni texnologiyaların tətbiq imkanlarının da araşdırılmasını planlaşdırır.
Qurumun məlumatına görə, Mərkəzi və Qərbi Asiya ölkələri rəqəmsal transformasiya strategiyalarını fəal şəkildə həyata keçirsələr də, bu proses rəqəmsal infrastrukturun kifayət qədər inkişaf etməməsi, informasiya sistemlərinin uyğunluğundakı məhdudiyyətlər, normativ bazadakı boşluqlar və müasir rəqəmsal xidmətlərin tətbiqi üçün institusional hazırlığın yetərli olmaması kimi amillərlə ləngiyir. Bankdan bildirib ki, təşəbbüs Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı və “Asiya-Sakit Okean Rəqəmsal Magistralı” layihəsi çərçivəsində regional əməkdaşlığın inkişafına xidmət edəcək.
XQ