AIIB in ölkəmizdə yeni layihəsi

09.10.2026

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dəniz suyunun duzsuzlaşdırılmasına 45 milyon dollar vəsait ayrılıb

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası Azərbaycanın ilk irimiqyaslı dəniz suyunun duzsuzlaşdırılması zavodunun yaradılması layihəsi üçün 45 milyon ABŞ dolları məbləğində qeyri-suveren maliyyələşdirməni təsdiqləyib. Bu vəsaitin Xəzər dənizindən sutkada, təqribən, 300 min kubmetr içməli su istehsal etmək gücünə malik suyun əks-osmos üsulu ilə duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi və istismarına xərclənməsi nəzərdə tutulur.

Zavod Sumqayıt şəhərinin sənaye ərazisində, Xəzər dənizinin sahilində yerləşəcək. Layihənin Azərbaycanın ilk irimiqyaslı dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması zavodu, eləcə də su sektorunda ilk dövlət-özəl tərəfdaşlığı layihəsi olacağı bildirilir.

AIIB-nin məlumatına görə, dövlət-özəl tərəfdaşlığı sazişi layihənin sponsoru “ACWA Power” və suyun alıcısı olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi arasında 25 illik müddətə imzalanıb. Azərbaycan Maliyyə Nazirliyi isə istismar dövründə ödəniş öhdəlikləri üzrə təminat mexanizmi təqdim edir. Hazırda layihənin yeganə sponsoru Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. Layihə üzrə ayrıca şirkət yaradılıb və maliyyələşdirmə çərçivəsində borcalan qismində çıxış edəcək.

Xəzər dənizinin ekoloji xüsusiyyətləri nəzərə alınmaqla həyata keçiriləcək layihənin əsas məqsədi Azərbaycanda içməli su təchizatı imkanlarını artırmaq və su sisteminin dayanıqlılığını gücləndirməkdir.

Bankın qiymətləndirməsinə əsasən, layihə ekoloji və sosial risklər baxımından B kateqoriyasına aid edilib. Əsas risklər dənizdə tikinti işləri, dəniz suyunun götürülməsi və duzlu suyun dənizə qaytarılması, eləcə də sənaye ərazisində əvvəlki fəaliyyətlərdən qalan çirklənmə ilə bağlıdır.

Zavodun tikintisi zamanı dəniz suyunun götürülməsi və tullantı suyunun axıdılması üçün təxminən 2 kilometr uzunluğunda boru xətlərinin quraşdırılması nəzərdə tutulur. Bu işlərin dəniz suyunun keyfiyyətinə və dəniz dibindəki canlılara təsirinin məhdudlaşdırılması üçün müvafiq tədbirlər görüləcək.

Asiya İnfrastruktur İnvestisiya Bankından bildirilib ki, zavodun fəaliyyəti zamanı əsas ekoloji məsələ duzlu suyun və digər tullantı sularının dənizə axıdılması olacaq. Layihədə duzlu suyun sahildən bir neçə yüz metr məsafədə sürətli yayılmasını təmin edən axıdılma sistemi nəzərdə tutulub. Aparılmış qiymətləndirmələr layihənin Xəzər suitisi də daxil olmaqla biomüxtəlifliyə ciddi və ya geridönməz mənfi təsirlər yaratmasının gözlənilmədiyini göstərib. Bununla yanaşı, layihə çərçivəsində dəniz biomüxtəlifliyinin və suyun keyfiyyətinin uzunmüddətli monitorinqi həyata keçiriləcək.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью