AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Energetika naziri Pərviz Şahbazovla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndələri arasında onlayn formatda görüş keçirilib.

Görüşdə Azərbaycan ilə Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” və “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə qrant sazişləri imzalanıb.

Pərviz Şahbazov görüş zamanı bildirib ki, bu əməkdaşlıq bir tərəfdən dənizdə külək enerjisinin mənimsənilməsi üçün zəruri sahil infrastrukturunun inkişafına, digər tərəfdən isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin formalaşdırılmasına xidmət edir. Hər iki layihə Azərbaycanın zəngin bərpaolunan enerji potensialının iqtisadi dəyərə çevrilməsi, Xəzər və Mərkəzi Asiyanın yaşıl enerji resurslarının ixracı, ölkəmizin regional enerji inteqrasiyasında strateji rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanın yaşıl enerji təşəbbüslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Bankın baş investisiya direktoru Konstantin Limitovski isə bildirib ki, bu, Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) MCDF tərəfindən dəstəklənən “Xəzər Yaşıl Enerji Dəhlizi” və “Azərbaycanda genişmiqyaslı dəniz külək elektrik stansiyasının yaradılmasını dəstəkləyən sahil infrastrukturu” layihələri üzrə Azərbaycanla imzaladığı ilk iki qrant sazişidir. Bu mühüm mərhələ layihələrin hazırlanması sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır, dayanıqlı enerji infrastrukturuna gələcək investisiyaların cəlb edilməsinə və regional bağlantıların gücləndirilməsinə zəmin yaradır.

Qeyd edək ki, qrant sazişləri “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması”na 1 milyon ABŞ dolları və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью