Ailə büdcəsini idarə etməyin 7 yolu: Xərcləri necə azaltmaq olar?

25.11.2026

Icma.az xəbər verir, Banco.az saytına əsaslanaraq.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Gəlirimizdən asılı olmayaraq, qənaətlə davranmaq həm şəxsi büdcəmizə, həm də ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Fərdi qənaət ailələrin maliyyə təhlükəsizliyini artırmaqla yanaşı, ümumi yığım səviyyəsinin yüksəlməsinə və investisiya imkanlarının genişlənməsinə də şərait yaradır.

Banco.az xəbər verir ki, ev, ərzaq, kommunal ödənişlər və ailə üzvlərinin gündəlik ehtiyacları büdcəyə ciddi təsir göstərə bilər. Belə vəziyyətdə xərcləri düzgün planlaşdırmaq və istehlak vərdişlərini dəyişmək vacibdir. Ev büdcəsini idarə etmək yalnız az pul xərcləmək deyil, mövcud vəsaitdən səmərəli istifadə etmək deməkdir.

Ailə büdcəsinə nəzarət etmək üçün bu 7 üsuldan yararlana bilərsiniz.

1. Kommunal xərclərinizi nəzərdən keçirin

Qənaətə başlamaq üçün ilk növbədə elektrik, qaz və su xərclərinizi təhlil edin. Lazımsız işıqları söndürmək, enerjiyə qənaət edən lampalardan istifadə etmək və gün işığından daha çox yararlanmaq elektrik sərfiyyatını azalda bilər. Enerji səmərəliliyi yüksək olan məişət texnikasına üstünlük vermək də uzunmüddətli qənaətə kömək edir. 

2. Xarab olmuş əşyaları təmir etdirin

Nasaz məişət texnikasını dərhal yenisi ilə əvəz etmək əvəzinə təmir etdirmək daha sərfəli ola bilər. Bu, geyimlərə də aiddir. Köhnəlmiş paltarları dərziyə verərək onların istifadə müddətini uzatmaq mümkündür.

Əşyaların mütəmadi texniki qulluğu da vacibdir. Çünki düzgün işləməyən cihazlar daha çox enerji sərf edir, vaxtında aparılan təmir isə əlavə xərclərin qarşısını alır.

3. Zəmanətli məhsullara üstünlük verin

Məişət texnikası və digər məhsulları alarkən zəmanət müddətinə diqqət yetirin. Zəmanət çərçivəsində nasaz məhsulun təmirini və ya dəyişdirilməsini əlavə ödəniş etmədən tələb etmək mümkündür. Buna görə alış zamanı zəmanət sənədini yoxlamaq və müddəti dəqiqləşdirmək vacibdir.

4. Alış-verişi əvvəlcədən planlaşdırın

Marketə getməzdən əvvəl ehtiyaclarınızın siyahısını hazırlayın. Bu, lazımsız məhsullar almağın qarşısını alır. Ərzaqları istifadə edə biləcəyiniz miqdarda almaq, onların saxlanma qaydalarına əməl etmək və həftəlik alış-verişə üstünlük vermək də israfı azaldır.

BMT-nin Ətraf Mühit Proqramının məlumatına görə, dünyada insan istehlakı üçün istehsal olunan ərzağın təxminən beşdə biri itkiyə və ya israfa gedir. Bu, gündə 1 milyard yeməyə bərabərdir. Qida israfının 60 faizi isə ev təsərrüfatlarının payına düşür.

5. Əşyaları atmaq əvəzinə yenidən istifadə edin

İstifadə etmədiyiniz əşyaları atmaq əvəzinə satmaq, başqa məqsədlə dəyərləndirmək mümkündür. Geyim və məişət əşyalarını kiçik dəyişikliklərlə yenidən istifadə etmək də əlavə xərcləri azaldır.

Bu yanaşma dairəvi iqtisadiyyatın inkişafına da töhfə verir. Proqnozlara görə, təkrar istifadə, təmir və tullantıların azaldılmasına əsaslanan bu model 2030-cu ilədək dünya iqtisadiyyatı üçün təxminən 4,5 trilyon dollar dəyər yarada bilər.

6. Uşaqlara qənaət etməyi öyrədin

Uşaqlarda kiçik yaşlardan qənaət vərdişi formalaşdırmaq vacibdir. Onlara sadəcə istəklərindən imtina etməyi söyləmək əvəzinə, büdcənin necə idarə olunduğunu izah etmək daha faydalıdır. Ailə xərcləri və maliyyə qərarları barədə məlumatlı olmaları gələcəkdə daha məsuliyyətli seçimlər etmələrinə kömək edə bilər.

7. Hobbinizi əlavə gəlir mənbəyinə çevirin

Boş vaxtınızı dəyərləndirərək hobbinizdən əlavə gəlir əldə edə bilərsiniz. Əl işləri, yemək hazırlamaq, fotoqrafiya və digər bacarıqlarınızı gəlir mənbəyinə çevirmək mümkündür. Fikriniz və fəaliyyətiniz inkişaf etdikcə bunu gələcəkdə kiçik biznesə çevirmək də olar.

Bu üsulları gündəlik həyatınıza tətbiq etməklə xərclərinizə daha yaxşı nəzarət edə, ailə büdcənizi tarazlaya və uzunmüddətli maliyyə sabitliyinə nail ola bilərsiniz.

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью