Ailə dəyərləri dəyişir, doğum azalır Cəmiyyəti hansı problemlər gözləyir?

14.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Müasir cəmiyyətdə gender bərabərliyi, ailə münasibətləri və demoqrafik dəyişikliklər getdikcə daha çox müzakirə olunan məsələlərdəndir. Qadın və kişilərin sosial rollarının dəyişməsi, ənənəvi ailə dəyərlərinə münasibətin fərqliləşməsi, boşanmaların artması və doğum səviyyəsinin azalması cəmiyyətin yalnız sosial strukturuna deyil, insanların psixoloji durumuna da təsirsiz ötüşmür. Xüsusilə ailədaxili münaqişələr, qarşılıqlı gözləntilərin uzlaşmaması, valideyn məsuliyyətinin bölüşdürülməsi ilə bağlı fikir ayrılıqları və tənhalıq hissi müasir dövrün aktual problemləri sırasındadır.

Digər tərəfdən, gender bərabərliyinin düzgün anlaşılması, qadın və kişilərin hüquq və imkanlarının bərabər təmin edilməsi sağlam ailə münasibətlərinin formalaşmasına da töhfə verə bilər. Bəs müasir gender yanaşmaları və dəyişən ailə modeli cəmiyyətin psixoloji vəziyyətinə necə təsir göstərir? Boşanmaların və doğum səviyyəsinin azalmasının arxasında hansı sosial-psixoloji səbəblər dayanır? Ailə institutunun qorunması və sağlam münasibətlərin təşviqi üçün hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı "AzPolitika"ya açıqlama verən psixoloq-loqoped Ləman Kazımova bildirib ki, gender bərabərliyi və ailə münasibətlərində baş verən dəyişikliklər insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir:

"Boşanmaların artması, doğum səviyyəsinin azalması, qadın və kişilərin ailədəki rollarının dəyişməsi insanlarda narahatlıq, güvənsizlik və gələcəklə bağlı qorxu yarada bilər. Valideynlərin ayrılmasından ən çox təsirlənənlər uşaqlardır. Xüsusilə, ailədaxili münaqişələr və valideynlər arasında gərgin münasibətlər uşaqlarda qorxu, özünəqapanma və insanlara qarşı güvən problemlərinə yol aça bilər. Bu cür problemlərin qarşısının alınması üçün ailədə sevgi, hörmət, anlayış və qarşılıqlı məsuliyyət əsas prinsiplər olmalıdır".

O, vurğulayıb ki, insanların ailə qurmağa, valideynliyə və sağlam münasibətlərə psixoloji cəhətdən hazırlanması vacibdir. Ən başlıcası isə uşaqların sağlam psixoloji mühitdə böyüməsi təmin edilməlidir:


"valideynlərin ayrılmasından ən çox təsirlənənlər uşaqlardır. Xüsusilə, ailədaxili münaqişələr, valideynlər arasında davamlı mübahisələr və gərgin münasibətlər uşaqların emosional inkişafına ciddi təsir göstərə bilər. Belə mühitdə böyüyən uşaqlarda qorxu, özünəqapanma, aqressiv davranış, özünəinamın azalması və insanlara qarşı etimadsızlıq kimi hallar müşahidə oluna bilər. Uşaqlar üçün əsas məsələ valideynlərin birgə yaşayıb-yaşamaması deyil, onların hansı psixoloji mühitdə böyüməsidir. Hətta valideynlər ayrı yaşasalar belə, övladlarına qarşı birgə məsuliyyət daşımalı, onları münaqişələrin tərəfinə çevirməməli və digər valideynə qarşı mənfi münasibət formalaşdırmamalıdırlar. Uşağın valideynlərdən biri ilə ünsiyyətinin məhdudlaşdırılması və ya onun digər valideynə qarşı yönləndirilməsi gələcək münasibətlərinə də mənfi təsir göstərə bilər".

Psixoloq qeyd edib ki, gender bərabərliyi qadın və kişilərin hüquq və imkanlarının bərabərliyi ilə yanaşı, ailədə qarşılıqlı hörmətin, anlayışın və məsuliyyətin təmin olunmasını da nəzərdə tutmalıdır. Lakin bəzi hallarda tərəflərin bir-birindən gözləntilərinin fərqli olması, ailə məsuliyyətinin bölüşdürülməsində yaranan problemlər münasibətlərə mənfi təsir göstərir.

Müşviq Tofiqoğlu

AzPolitika.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью