Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ailə həkimliyi institutu Azərbaycanda nisbətən yeni formalaşan bir sahədir və bu istiqamətin inkişafı ölkədə ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu Milli Məclisin Səhiyyə, Ailə, Qadın və Uşaq məsələləri üzrə komitələrinin üzvü, deputat Müşfiq Məmmədli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, ailə həkimi ixtisası Azərbaycan Tibb Universitetində son illərdə yaradılan ixtisaslardan biridir və bu sahə ilkin səhiyyə pilləsini tənzimləyən, idarə edən əsas istiqamət sayılır: “Hazırda ailə həkimliyi sisteminin istənilən səviyyədə fəaliyyət göstərə bilməməsinin əsas səbəblərindən biri bu ixtisasın yeniliyi və mütəxəssislərin azlığıdır.
Bu səbəbdən bəzi hallarda pediatrlar, terapevtlər və ginekoloqlar ailə həkiminin funksiyalarını öz üzərlərinə götürürlər.
Təbii ki, bu, bizim planlaşdırdığımız və arzuladığımız səviyyədə ailə həkimliyi modelinin tam şəkildə tətbiqinə imkan vermir.
Bu problemi aradan qaldırmaq üçün ilkin səhiyyə xidməti yeni səhiyyə islahatlarına uyğun şəkildə gücləndirilməlidir.
Onun sözlərinə görə, ailə həkimlərinin fəaliyyətini stimullaşdırmaq üçün həm maddi, həm də sosial təminat mexanizmləri genişləndirilməlidir.Ailə həkimlərinin maaşları rəqabətqabiliyyətli səviyyədə olmalı, onların sosial təminatı daha yüksək səviyyədə təşkil edilməlidir.