Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ailədaxili zorakılıq cəmiyyətdə bəzən “ailə məsələsi” və ya “adi məişət mübahisəsi” kimi qiymətləndirilsə də, əslində ciddi sosial və psixoloji problemdir. Zorakılığın baş verdiyi ailədə yalnız zərərçəkən deyil, bütövlükdə ailə münasibətləri və xüsusilə uşaqların psixoloji inkişafı ciddi zərər görə bilər.
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında bildirib ki, ailədaxili zorakılıq cinayətdir və ailə daxilində baş verən adi mübahisə kimi qəbul edilə bilməz:
“Ailədaxili zorakılıq cinayətdir və ailə daxilində baş verən adi mübahisə kimi qəbul edilə bilməz. Sağlam psixoloji mühit olmadıqda qorxu, təzyiq, təhqir və aqressiya ailədəki bir çox situasiyanı tətikləyici faktora çevirir. Belə mühitdə zorakılıq təkcə qurbanı deyil, bütün ailə sistemini zədələyir”.
Psixoloqun sözlərinə görə, xüsusilə zorakılıq mühitində böyüyən uşaqlar bunun ağır psixoloji nəticələri ilə üzləşə bilərlər. Belə uşaqlar zorakılığı münasibətlərin normal forması kimi qəbul edə, aqressiv davranışları adiləşdirə və gələcəkdə öz münasibətlərində də həmin modeli təkrarlaya bilərlər.
“Xüsusilə zorakılıq şəraitində böyüyən uşaqlar üçün bunun təsiri ağır olur. Uşaq zorakılığı münasibətlərin normal forması kimi öyrənir, aqressiv davranışları adiləşdirir və gələcək münasibətlərində həmin modeli təkrarlamaq riski daşıyır. Cinayət və zorakılıq düşüncələrinin adiləşməsi də məhz belə mühitlərdə formalaşa bilər”, – deyə R.Nəcəfov vurğulayıb.
Mütəxəssis qeyd edib ki, zorakılığın qarşısının alınması yalnız zərərçəkənin qorunması ilə məhdudlaşmamalıdır. Problemin kökündə dayanan aqressiv davranış və düşüncə tərzi də ciddi şəkildə qiymətləndirilməlidir.
“Zorakılıq edən şəxsin aqressiv düşüncə və davranışları ciddi qiymətləndirilməli, zəruri hallarda psixi sağlamlıq mütəxəssisinə müraciət edilməlidir. Cəmiyyət isə zorakılığı “ailə məsələsi” kimi susaraq ört-basdır etməməlidir. Susmaq zorakılığı dayandırmır, əksinə, onun davam etməsinə şərait yaradır”, – psixoloq bildirib.
Aynurə İsmayıl
KONKRET.az