Ailə qurmazdan əvvəl psixoloji testlər aparılsın Psixoloq

27.01.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının "Ağ Şəhər" yaşayış massivində qısqanclıq zəminində baş verən hadisə zamanı 34 yaşlı Emil Əliyev həyat yoldaşına ağır bıçaq xəsarətləri yetirdikdən sonra özünə qəsd edib. Qəbələ Rayon Məhkəməsinin sədri Abbas Əliyevin oğlunun ölümü ilə nəticələnən bu faciəvi hadisə ilə bağlı Xətai Rayon Prokurorluğunda artıq cinayət işi açılıb və təfərrüat araşdırılır.
Bəs bu kimi hadisələrin törədilməsinin kökündə hansı psixoloji amil dayanır?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən psixoloq Fidan Canbabazadə bildirib ki, hər bir insan potensial olaraq cinayət törədə biləcək vəziyyətə düşə bilər:
“Güclü emosional sarsıntı, uzunmüddətli stress, yuxusuzluq və ani afekt halları insanın davranışlarına nəzarətini zəiflədə bilər. Belə məqamlarda fərdin xarakterindən, aqressiya səviyyəsindən asılı olmayaraq, hətta ən ağır cinayətlər belə baş verə bilər. Bu baxımdan heç kim özünü tam sığortalanmış hesab edə bilməz”.
Psixoloq əlavə edib ki, cinayətlər həm planlı, həm də ani qərar nəticəsində baş verə bilər:
“Bir qisim cinayətlər əvvəlcədən planlaşdırılır, məsələn, serial qatillər və ya məqsədli qətllər buna misaldır. Digər qisim isə ani qərar nəticəsində, emosional partlayış fonunda törədilir. Statistik müşahidələr göstərir ki, düşünülmədən törədilən qətllərdə günahkarlar sonradan dərin peşmanlıq yaşayır və bəzən özlərinə qəsd etməyə qədər gedib çıxırlar. Planlı cinayətlərdə isə belə hallar nisbətən azdır”.
O, xüsusilə ailədaxili qətllərin səbəblərinə də diqqət çəkib:
“Bu hallar çox zaman yaxın münasibətlərdə, qısqanclıq, emosional gərginlik və uzun müddət yığılan psixoloji problemlər fonunda baş verir. Uşaqlıq travmaları, ailə daxilində sağlam davranış modellərinin formalaşmaması və düzgün tərbiyənin verilməməsi də bu cür halların kökündə durur. Bəzi hallarda isə psixi pozuntular cinayətə gətirən əsas amillərdən biri olur”.
Psixoloq həmçinin qeyd edib ki, çox vaxt insanlar bu təhlükəli vəziyyətlərdən əvvəl siqnallar verirlər, lakin cəmiyyət və ailə onları ciddiyə almır:
“Mütəxəssislər hesab edir ki, ailə qurmazdan əvvəl təkcə tibbi yoxlamalar deyil, psixoloji testlər və qiymətləndirmələr də aparılmalıdır. Bu, həm gələcək ailələrin sağlam qurulmasına, həm də potensial risklərin vaxtında aşkarlanmasına kömək edər”.
Qeyd edək ki, ailədaxili zorakılıq və bunun ardınca baş verən özünəqəsdlər cəmiyyət üçün ciddi xəbərdarlıqdır və bu məsələdə maarifləndirmə və preventiv tədbirlər vacibdir.
Əfsanə Kamal 
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью