Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Müsahibimiz “Ailəlogiya” kitabının müəllifi, hüquq elmləri doktoru, dosent Səidə Həsənzadədir
Azərbaycan ailəsinin hüquqi və sosial mahiyyəti, ailə münasibətlərinin tənzimlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, ailə institutunun qarşılaşdığı müasir problemlər həmişə cəmiyyəti düşündürən mühüm məsələlərdən olub. Bu mövzular çağdaş aktuallığını qoruyur, hətta sürətlə dəyişən sosial münasibətlər fonunda onların əhəmiyyəti daha da artır. Bu baxımdan ailənin qorunması, ailədaxili münasibətlərin sağlamlaşdırılması və ailə institutunun hüquqi mexanizmlərlə daha etibarlı müdafiəsi ilə bağlı aktual araşdırmaların müəllifi ilə müsahib olduq.
– Səidə xanım, son illər ailə institutunun problemləri cəmiyyətdə daha çox müzakirə olunur. Sizin “Ailəlogiya” monoqrafiyanız da məhz bu mövzunun elmi tədqiqinə həsr edilib. Əvvəlcə bilmək istərdik: “Ailəlogiya” anlayışı nədir və bu elmin yaranmasına hansı zərurət səbəb olub?
– Ailə insan cəmiyyətinin ən qədim və mühüm sosial institutlarından biridir. İnsan dünyaya göz açdığı gündən ailə mühitində formalaşır, dünyagörüşü, mənəvi dəyərləri, davranışları, sosial münasibətləri, ilk növbədə, ailədə təşəkkül tapır. Buna görə də ailənin taleyi, əslində, cəmiyyətin taleyi ilə birbaşa bağlıdır.
Ailə bioloji, sosial, iqtisadi, hüquqi, mənəvi-əxlaqi, psixoloji və digər çoxsaylı münasibətlərin kəsişdiyi mürəkkəb sosial institutdur. Bu xüsusiyyət ailənin müxtəlif elm sahələrinin imkanlarından istifadə etməklə kompleks şəkildə araşdırılmasını zəruri edir.
“Ailəlogiya”da ailə yalnız hüquqi münasibətlərin obyekti deyil, insan, cəmiyyət və dövlət arasındakı münasibətlərin mühüm mərkəzi kimi nəzərdən keçirilir.
– Azərbaycan ailə modelini fərqləndirən xüsusiyyətlər varmı?
– Bəli, böyüyə hörmət, valideynə bağlılıq, övlad məsuliyyəti, qohumluq münasibətlərinin qorunması və ailənin bütövlüyünün mühüm dəyər kimi qəbul edilməsi bu modelin səciyyəvi cəhətlərindəndir. Lakin Azərbaycan ailəsini yalnız ənənələrin daşıyıcısı kimi təqdim etmək düzgün olmaz. Ailə canlı sosial institutdur və cəmiyyət dəyişdikcə onun münasibətləri, funksiyaları və sosial rolu da müəyyən transformasiyalara məruz qalır. Buna görə ənənə ilə müasirlik arasında düzgün tarazlığın yaradılması mühüm məsələdir.
Vurğulamaq istəyirəm ki, ailənin qorunması ailə üzvlərindən hər hansı birinin hüquqlarının məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. Qadının, uşağın və digər ailə üzvlərinin hüquq və mənafelərinin qorunması ailənin möhkəmləndirilməsinin ayrılmaz hissəsidir. Bu baxımdan “Ailəlogiya”da ailəyə yalnız keçmişdən miras qalmış ənənələrin məcmusu kimi deyil, milli-mənəvi dəyərləri müasir sosial və hüquqi reallıqlarla uzlaşdıraraq inkişaf edən sosial institut kimi yanaşmaq vacibdir.
– Ailələrin dağılmasının əsas səbəblərini nədə görürsünüz?
– Ailələrin dağılmasını yalnız bir səbəblə izah etmək mümkün deyil. Ailə münasibətlərində tərəflərin bir-birini dinləməməsi, qarşılıqlı güzəşt və məsuliyyət anlayışının zəifləməsi, ailə rollarının düzgün dərk edilməməsi ciddi problemlərə gətirib çıxarır. Bəzən də insanlar ailə qurmağa psixoloji və sosial baxımdan hazır olmadan nikaha daxil olurlar. Onlar nikahı yalnız şəxsi münasibətlərin davamı kimi qəbul edir, halbuki ailə uzunmüddətli məsuliyyət, qarşılıqlı etimad və əmək tələb edən sosial birlikdir.
Müasir informasiya mühiti, sosial şəbəkələr və kütləvi mədəniyyət də ailə münasibətlərinə təsir göstərir. Lakin bu təsirləri, bütövlükdə, mənfi qiymətləndirmək doğru deyil. Əsas məsələ gənclərin müxtəlif informasiya və dəyərlər arasında düzgün seçim etmək, ailə münasibətlərinə məsuliyyətlə yanaşmaq bacarığının formalaşdırılmasıdır. Profilaktik və maarifləndirici tədbirlər, nikahdan əvvəl hazırlıq, ailə məsləhət xidmətləri və psixoloji dəstək mexanizmləri də gücləndirilməlidir. Ailə qurmağa hazırlaşan gənclər ailənin hüquqi, sosial və mənəvi məsuliyyətini əvvəlcədən dərk etməlidirlər.
– Monoqrafiyada müstəqil ailə məhkəmələrinin yaradılması təklifinə də toxunursunuz. Sizcə, ailə mübahisələrinin ixtisaslaşmış məhkəmələrdə araşdırılması nə üçün vacibdir?
– Ailə münasibətləri adi mülki münasibətlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Burada yalnız hüquqi mübahisə deyil, insan taleləri, uşaqların maraqları, ailə sirri, şəxsi münasibətlər və psixoloji amillər də məsələnin mühüm tərkib hissəsini təşkil edir. Bu baxımdan ailə mübahisələrinə ixtisaslaşmış və bu sahəni dərindən bilən hakimlərin baxması mühüm əhəmiyyət daşıyır.
Müstəqil ailə məhkəmələrinin yaradılması ailə və uşaq münasibətlərindən irəli gələn mübahisələrin daha peşəkar, həssas və kompleks şəkildə araşdırılmasına imkan verə bilər. Burada məqsəd yalnız hüquqi qərarın qəbul edilməsi olmamalıdır. Mümkün hallarda münaqişənin daha da dərinləşməsinin qarşısının alınması, uşaqların hüquq və mənafelərinin qorunması və ailə münasibətlərinin sağlamlaşdırılması da nəzərə alınmalıdır.
– Ailə zorakılığı bu gün ən ağrılı problemlərdən biridir. Bu problemin həllində yalnız hüquqi mexanizmlər kifayətdirmi?
– Xeyr, hüquqi mexanizmlər vacib olsa da, ailə zorakılığının qarşısının alınması və aradan qaldırılması üçün təkbaşına kifayət etmir. Ailə zorakılığı sosial, psixoloji, hüquqi və mənəvi aspektləri olan mürəkkəb problemdir. Zorakılıq baş verdikdə, ilk növbədə, zərərçəkənin təhlükəsizliyi təmin edilməli və hadisəyə hüquqi qiymət verilməlidir. Lakin problemin yalnız nəticələri ilə mübarizə aparmaq kifayət deyil. Uzunmüddətli baxımdan profilaktika və maarifləndirmə də xüsusi əhəmiyyət daşıyır.
– Ölkə üzrə doğum səviyyəsinin və ailələrdə uşaqların sayının dəyişməsi ilə bağlı müxtəlif narahatlıqlar səsləndirilir. Sizcə, bu məsələyə ailə siyasəti baxımından necə yanaşmaq lazımdır?
– Uşağın dünyaya gəlməsi yalnız demoqrafik göstərici deyil, həm də ailənin sosial və mənəvi potensialı ilə bağlı məsələdir. Lakin uşaqların sayının artırılmasına yalnız statistik rəqəm kimi yanaşmaq düzgün olmaz. Əsas məsələ hər bir uşağın sağlam, təhlükəsiz və layiqli şəraitdə böyüməsinin təmin edilməsidir. Gənc ailənin mənzil, məşğulluq, təhsil, səhiyyə və sosial təminat imkanları nə qədər əlçatan və dayanıqlı olarsa, ailənin gələcəyə inamı da bir o qədər güclü olar.
Buna görə də ailə siyasəti yalnız doğum göstəricilərinin yüksəldilməsinə deyil, uşaqlı ailələrin sosial rifahının və ailələrin gələcək planlarını reallaşdırmaq imkanlarının gücləndirilməsinə yönəlməlidir. Bu baxımdan gənc ailələrə dövlət dəstəyinin genişləndirilməsi, uşaqların hüquq və mənafelərinin qorunması, ailələrin sosial-iqtisadi təhlükəsizliyinin təmin edilməsi ailə siyasətinin mühüm istiqamətlərindən biri olmalıdır.
– Müasir gənclərin ailə haqqında təsəvvürlərinin dəyişdiyini düşünürsünüzmü?
– Bəli, müəyyən dəyişikliklər müşahidə olunur və bunu cəmiyyətin sosial inkişafı ilə bağlı təbii proses kimi qiymətləndirmək lazımdır. Müasir gənclər fərdi azadlığa, şəxsi seçimə və karyeraya daha çox üstünlük verirlər. Bu, özlüyündə mənfi hal deyil. Əsas məsələ fərdi azadlıqla ailə qarşısında məsuliyyət arasında düzgün tarazlığın yaradılmasıdır. Gənclərə ailənin yalnız romantik münasibət deyil, həm də qarşılıqlı hörmət, səbir, güzəşt, məsuliyyət və uzunmüddətli əmək tələb edən sosial birlik olduğu izah edilməlidir. Ailə qurmağa hazırlaşan insan həm özünün, həm də gələcək həyat yoldaşının, övladlarının hüquq və vəzifələrini bilməlidir.
Bu baxımdan ailə məsələləri ilə bağlı maarifləndirmə ailə qurulduqdan sonra deyil, daha erkən mərhələdən başlamalıdır. Məktəblərdə və digər təhsil müəssisələrində yaşa uyğun şəkildə ailə hüququ, ailə münasibətləri, valideyn məsuliyyəti və reproduktiv sağlamlıq haqqında elmi və düzgün məlumatların verilməsi gənclərin gələcək ailə həyatına hazırlanmasına kömək edə bilər.
– Ailə haqqında ictimai təsəvvürlərin formalaşmasında medianın rolunu necə qiymətləndirirsiniz?
– Medianın bu sahədə rolu olduqca böyükdür. Cəmiyyətin ailə haqqında təsəvvürlərinin müəyyən hissəsi məhz media vasitəsilə formalaşır. Buna görə də, jurnalistlər və media qurumları ailə mövzusuna xüsusi məsuliyyətlə yanaşmalıdırlar. Ailə münaqişələrinin sensasiya predmetinə çevrilməsi, şəxsi həyatın toxunulmazlığının pozulması, xüsusilə uşaqların və zərərçəkənlərin kimliyinin açıqlanması yolverilməzdir. Media ailə problemlərini işıqlandırarkən həm ictimai marağı, həm də insan hüquqlarını nəzərə almalıdır.
Eyni zamanda, medianın yalnız problemləri göstərən deyil, həm də maarifləndirici funksiyası gücləndirilməlidir. Xüsusilə ailə hüququ ilə bağlı mürəkkəb məsələlərin sadə və anlaşıqlı dildə izahına ehtiyac var. Media bu baxımdan ailə hüquqi savadlılığının və ailə mədəniyyətinin formalaşmasına mühüm töhfə verə bilər.
– Bəs “Ailəlogiya” monoqrafiyasının qarşıya qoyduğu əsas məqsəd nədir?
– “Ailəlogiya”nın əsas məqsədi ailəyə yalnız bir istiqamətdən deyil, kompleks şəkildə yanaşmaqdır. Ailənin hüquqi statusunu, sosial mahiyyətini, strukturunu, funksiyalarını və müasir problemlərini bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə öyrənmək lazımdır. Ailə çoxşaxəli sosial institut olduğu üçün onun problemlərinin yalnız bir elmin imkanları ilə tam izah edilməsi mümkün deyil. Bu baxımdan “Ailəlogiya”da hüquqi yanaşma sosial, psixoloji, pedaqoji, demoqrafik və digər istiqamətlərlə əlaqələndirilir.
Əsas məqsəd ailənin mahiyyətini daha dərindən anlamaq, onun qarşılaşdığı problemlərin səbəblərini kompleks şəkildə araşdırmaq və ailənin qorunması, inkişafı ilə bağlı elmi yanaşmaların formalaşmasına töhfə verməkdir.
– Azərbaycan ailəsinin gələcəyi ilə bağlı nə demək istərdiniz?
– Azərbaycan ailəsinin gələcəyinə nikbin baxıram. Çünki bizim ailə ənənələrimizin möhkəm tarixi və mənəvi dayaqları var. Lakin ənənənin qorunması onun dəyişməz qalması demək deyil. Ənənə müasir hüquqi və sosial reallıqlarla uzlaşaraq inkişaf etməlidir. Biz uşaqlarımıza həm milli-mənəvi dəyərləri, həm də öz hüquq və azadlıqlarını bilməyi öyrətməliyik. Ailədə qadın və kişinin qarşılıqlı hörmətini, valideyn və övlad münasibətlərində məsuliyyəti gücləndirməliyik.
Hesab edirəm ki, Azərbaycan ailəsinin gələcəyinin möhkəmliyi ənənə ilə müasirliyin qarşıdurmasında deyil, onların sağlam şəkildə uzlaşdırılmasındadır. Ailəni yalnız qorunmalı institut kimi deyil, cəmiyyətin dəyişən ehtiyaclarına uyğun olaraq daim inkişaf etdirilməli sosial dəyər kimi qəbul etmək lazımdır. Çünki sağlam ailə sağlam cəmiyyətin, sağlam cəmiyyət isə güclü dövlətin əsas dayaqlarından biridir.
– Maraqlı müsahibəyə görə təşəkkür edirik.
Namiq Qədimoğlu,
filologiya üzrə fəlsəfə doktoru,
XQ