“Ailədaxili münaqişələr uşaqlar üçün ciddi psixoloji gərginlik yaradır” PSİXOLOQ DANIŞDI

27.01.2026

Icma.az bildirir, Sia Az portalına istinadən.

“Uşaqların təxəyyülü və idrak mexanizmi böyüklərdən əsaslı şəkildə fərqlənir. Onlar hadisələri öz yaş səviyyələrinə uyğun şəkildə qavrayır və təhlil edirlər”. Bu sözləri SİA- ya açıqlamasında Psixoloq Gülər Məmmədova bildirib.
Onun sözlərinə görə , uşaqlıq dövründə qorxu anlayışı daha intensiv yaşanır və hər yaş mərhələsinin özünəməxsus qorxuları mövcuddur:

“Xüsusilə ailədaxili münaqişələr uşaqlar üçün ciddi psixoloji gərginlik yaradır. Uşaqlar valideynlər arasında baş verən konfliktlərdə çox zaman özlərini günahkar hesab edir və məsuliyyəti üzərlərinə götürürlər.

Azyaşlı uşaqlar valideynlər arasında qarşılıqlı anlaşmanın pozulmasını dərk etməkdə çətinlik çəkir və bu vəziyyəti qəbul etmək onlar üçün psixoloji baxımdan ağır olur. Zamanla bəzi uşaqlar bu mühitə adaptasiya olsalar da, daxili aqressiya formalaşdırırlar. Bu aqressiya isə daha çox həmyaşıdları ilə münasibətlərdə davranış problemləri kimi üzə çıxır. Daxili aqressiyası olan uşaqların gələcəkdə şiddətə meyilli olma ehtimalı da yüksəlir.

Burada impulsiv və çılğın davranışla daimi konflikt mühitində böyümüş uşaq anlayışlarını fərqləndirmək vacibdir. Daim gərgin ailə mühitində böyüyən uşaq zamanla valideynlərinə olan etibarını itirir, məsləhətə ehtiyac duyduqda isə valideynlərə deyil, kənar şəxslərin fikirlərinə üstünlük verir. Bu proses uşağın emosional soyuqqanlılaşmasına və münasibətlərdə məsafəli davranmasına səbəb olur.

Əgər ailə daxilində fiziki şiddət müşahidə olunursa, bu vəziyyət uşaqlarda aqressiyanın formalaşmasını daha da gücləndirir. Belə hallarda uşaqların psixoloji inkişafı ciddi risk altına düşür. Bunun əksinə olaraq, sağlam və təhlükəsiz ailə mühitində böyüyən uşaqlar daha sakit, anlayışlı və emosional baxımdan balanslı olurlar. Hərçənd bu ailələrdə də ərköyün uşaqlara rast gəlinə bilər, lakin bu, daha çox tərbiyə üsulları ilə bağlıdır.

Sakit və sevgi dolu mühitdə böyüyən uşaqların həyata baxışı daha pozitiv olur, empati qabiliyyətləri inkişaf edir, sosial münasibətlər qurmaqda daha uğurlu olurlar. Onlar dostluğa açıq, heyvansevər və mərhəmətli davranışlar sərgiləyirlər. Maraqlıdır ki, konflikli ailə mühitində böyüyən bəzi uşaqlarda da heyvansevərlik müşahidə olunur. Bu, onların evdə tapa bilmədikləri sevgi və təhlükəsizlik hissini başqa varlıqlarda axtarmalarının psixoloji göstəricisi kimi qiymətləndirilə bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью