Ailələr gəlirin yarısını niyə ərzağa xərcləyir?

14.10.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda ailə büdcəsinin idarə olunması getdikcə daha çox diqqət tələb edir.

Ərzaq məhsulları, kommunal xidmətlər, nəqliyyat və gündəlik ehtiyaclar ailələrin əsas xərc istiqamətləri olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 faiz artıb. Ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə qiymət artımı isə 6,9 faiz təşkil edib. Bəs Azərbaycanda ailələr gəlirlərinin böyük hissəsini niyə ərzağa xərcləməli olurlar?

Bu, ərzaq qiymətlərinin baha olması, yoxsa istehlak vərdişləri ilə bağlıdır?

REAL Partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Azərbaycanda əməkhaqları və pensiyalar aşağı olduğundan, vətəndaşlar aylıq gəlirlərinin təxminən yarısını ərzaq məhsullarına xərcləməyə məcbur qalırlar: 

“Bu vəziyyət insanların çox yeməsi ilə deyil, ərzaq qiymətlərinin yüksək, gəlirlərin isə nisbətən aşağı olması ilə əlaqədardır”. 

Ekspert qeyd edib ki, Azərbaycanda bəzi ərzaq məhsullarının qiymətləri Avropa ölkələrindəki qiymətlərə yaxınlaşır, hətta bəzi qonşu ölkələrlə müqayisədə daha yüksək olur: 

“Bununla yanaşı, əhalinin gəlirləri eyni sürətlə artmır. Rəsmi göstəricilərə əsasən, əhali gəlirlərinin böyük bir hissəsini ərzaq məhsullarına sərf edir. Ərzaq qiymətlərinin təxminən 7 faiz bahalaşması fonunda əməkhaqları və pensiyaların il ərzində 8-9 faiz artması da qiymət artımının təsirini tam aradan qaldırmır. İnkişaf etmiş ölkələrdə insanlar aylıq xərclərinin təxminən 10-20 faizini ərzağa sərf etdiyi halda, Azərbaycanda bu göstərici 50 faizə çata bilir. Bunun əsas səbəbi həmin ölkələrdə gəlirlərin daha yüksək olmasıdır”. 

Ekspert qeyd edib ki, ərzaq xərcləri ilə bağlı ümumi statistik göstəricilərə içkilər və tütün məmulatları da daxil edilir. Lakin onun fikrincə, bu məhsulların payı ərzaq xərclərinin ümumi strukturunda o qədər də böyük deyil. 

Aişə
Cebheinfo.az”

Açar sözlər: ərzaq Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью