Ailələr niyə getdikcə daha çox borclanır? EKSPERT DANIŞDI

03.11.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

“Ailələrin borclanmasının bir sıra səbəbləri var. Yaşayış xərclərinin, xüsusilə daşınmaz əmlak sektorunda qiymətlərin yüksək artımı bu səbəblərdən biridir. Digər mühüm amil isə istehlakçı davranışları ilə əlaqədardır”.

Bu fikirləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.

Onun sözlərinə görə, bir qisim vətəndaşın gəlirlərinin müəyyən hissəsi ipoteka və istehlak kreditlərinə sərf olunduğu halda, digər vətəndaşların xərcləri əsasən gündəlik yaşayış ehtiyaclarının qarşılanmasına yönəlir:

“Son illərdə ailələrin kreditlərə, borclara və taksitli alış-verişə müraciət etməsinin ilkin səbəblərindən biri istehlakçı davranışlarının dəyişməsidir. Məsələn, əvvəlki illərdə daşınar və daşınmaz əmlak, eləcə də toy xərcləri üçün kreditə müraciət edilirdisə, hazırda ev pərdəsi, xalça və digər məişət əşyaları, hətta şəxsi qulluq vasitələri və kosmetik məhsullar almaq üçün də kreditlərdən və taksit kartlarından istifadə olunur.

Ərzaq, kommunal xidmətlər, kirayə, təhsil və digər gündəlik xərclərə gəldikdə isə aylıq və illik inflyasiyanın təsiri ilə qiymətlərdə artım müşahidə edilir. Mal və xidmətlərin qiymətləri hər il yüksəlir. Sadəcə, vəziyyətin çətinləşməsi və bu artımların ailə büdcəsinə təsir dərəcəsi fərqlidir.

Regionlarda işsizlik problemi, əhalinin əksər hissəsinin, xüsusilə də paytaxt Bakı və digər iri şəhərlərə köçməsi, urbanizasiya prosesləri də ailələrin maliyyə yükünü artırır.

İnsanların kreditlərə daha çox zəruri ehtiyaclarını qarşılamaq, yoxsa maddi imkanlarından kənar həyat tərzi sürmək məqsədilə müraciət etməsinə gəldikdə isə ikinci səbəb daha çox ön plana çıxır. Təəssüf ki, istehlakçıların əksəriyyətində doyum həddi yoxdur. “Şöhrətpərəstlik”, “qonşudan geri qalma” prinsipi insanları borc bataqlığına sürükləyir.

Əlbəttə ki, qeyd edilən hallar iqtisadiyyatda pulun dövretmə sürətini yüksəldir. Lakin digər tərəfdən, borc bataqlığının dərinləşməsinə və problemli kreditlərin həcminin artmasına da səbəb olur”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью