Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Həftəsonunu ailə ilə birlikdə əyləncəli keçirməyin ən maraqlı yollarından biri film izləməkdir. Lakin həm uşaqların, həm də böyüklərin zövqünə uyğun ekran əsəri seçmək heç də asan deyil. Bəzi filmlər balacalar üçün darıxdırıcı, digərləri isə böyüklər üçün həddindən artıq sadə ola bilər.
Lent.az xarici mediaya istinadən ailəlikcə izləyə biləcəyiniz, maraqlı süjeti və əyləncəli hadisələri ilə diqqət çəkən beş ekran əsərini təqdim edir.
“Cumanci: Cəngəlliyə çağırış” (Jumanji: Welcome to the Jungle) – 12+
Hadisələr 1996-cı ildə başlayır. Yeniyetmə oğlan atasından hədiyyə olaraq oyun alır. Lakin stolüstü oyunlar onu qətiyyən maraqlandırmır. Axı videooyun konsolları olduğu halda kim stolüstü oyunlarla vaxt keçirmək istəyər?
Ancaq “Cumanci” zamanın tələblərinə uyğunlaşmağı bacarır və oyun qutusunun içərisində videooyun kartrici peyda olur. Uzun illər sonra bir qrup məktəbli köhnə oyun konsolunu tapır. Bununla da təhlükəli və macəralarla dolu oyun yenidən başlayır. Film yumor, fantastika və gözlənilməz hadisələrlə zəngindir.
“Onuncu krallıq” (The 10th Kingdom) – 6+
Əslində, bu ekran əsəri film deyil, mini-serialdır. Lakin qısa formatı sayəsində onu bir həftəsonu ərzində izləmək mümkündür. Bu, bəzi məqamları qaranlıq və qorxulu olsa da, ümumilikdə sehrli hadisələrlə zəngin nağıl hekayəsidir. Əsas qəhrəman adi bir ofisiant qızdır. Tale onu başqa dünyadan gəlmiş, sehrlənmiş şahzadə ilə qarşılaşdırır.
Məhz bu görüşdən sonra qızın həyatı tamamilə dəyişir. O, qəddar trollardan qaçmalı, insan görkəminə düşmüş canavarla tanış olmalı və illər əvvəl yoxa çıxmış anası haqqında yeni sirlər öyrənməlidir.
Nağıl dünyasının müxtəlif qəhrəmanlarını bir araya gətirən ekran əsəri həm macəra, həm də ailə münasibətləri baxımından maraqlı süjetə malikdir.
“Muzeydə gecə” (Night at the Museum) – 12+
Fantastik komediya həyatda uğur qazana bilməyən bir atanın hekayəsindən bəhs edir. O, təbiət tarixi muzeyində gecə gözətçisi kimi işə düzəlir. Lakin heç kim ona muzeyin qeyri-adi sirri barədə xəbərdarlıq etmir. Məlum olur ki, günəş batdıqdan sonra muzeydəki eksponatlar canlanır.
Beləliklə, adi görünən iş gecələr inanılmaz macəralarla dolu bir məşğuliyyətə çevrilir. Bütün bu hadisələr isə kişinin oğlu üçün xüsusilə əyləncəli olur. Film həm gülməli səhnələri, həm də tarixi personajların canlanması ilə uşaqların marağını cəlb edə bilər.
“Valideynlər üçün tələ” (The Parent Trap) – 0+
Film bir-birinin varlığından xəbərsiz olan əkiz bacıların hekayəsindən bəhs edir. Təsadüf nəticəsində hər iki qız eyni yay düşərgəsinə gedir. Əvvəlcə aralarında mübahisələr yaranır, lakin sonradan onlar dostlaşırlar. Bir müddət sonra bacılar həqiqəti öyrənirlər. Məlum olur ki, onlar doğma bacıdırlar və valideynləri illər əvvəl ayrılıb. Bundan sonra qızlar ailələrini yenidən birləşdirmək üçün plan hazırlayırlar. Onlar böyükləri barışdırmaq məqsədilə müxtəlif hiylələrə əl atır, ağıllarından və bacarıqlarından istifadə edirlər.
Film ailə münasibətləri, bacı sevgisi və valideynlərlə övladlar arasındakı bağlardan bəhs edən əyləncəli komediyadır.
“Gələcəyə qayıdış” (Back to the Future) – 12+
Zamanda səyahət mövzusunda çəkilmiş bu ekran əsəri dünya kinosunun klassik nümunələrindən biridir. Filmin əsas qəhrəmanı təsadüfən keçmişə səyahət edən məktəblidir.
Lakin bu səyahət gözlənilməz problemlərə səbəb olur. Yeniyetmə bilmədən öz valideynlərinin gənclik illərindəki romantik tanışlığına mane olmaq təhlükəsi ilə üzləşir. Problem ondadır ki, valideynləri bir-birinə aşiq olmasa, onun özü də dünyaya gəlməyəcək. Tamamilə yox olmamaq üçün qəhrəman hadisələrin gedişini dəyişməli, valideynlərinin tanış olmasını təmin etməli və bunun üçün bütün bacarığını ortaya qoymalıdır.
Film fantastika, komediya və macəra elementlərini birləşdirərək müxtəlif yaş qruplarından olan tamaşaçılara maraqlı hekayə təqdim edir.