Ailəsinin istədiyi həkim həbsdə aclıq edən Tofiq Yaqublunu ikinci dəfə müayinə etdi: “İnfuziyadan sonra müəyyən yüngüllük hiss etdi”

22.04.2025

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun həbsdə 22 gündür aclığı davam etdirdiyi bildirilir. Bununla əlaqədar ailə üzvləri onların etibar etdikləri həkim Adil Qeybullanın siyasətçinin saxlandığı Umbakı qəsəbəsində penitensiar müəssisədə onu müayinə etməsinə icazə verilməsini istəmişdi. Həkim Adil Qeybulla aprelin 19-da təcridxanada Tofiq Yaqublunu müayinə edərək, onun vəziyyəti barədə rəyini açıqlamışdı.

Bizimyol.info xəbər verir ki, Adil Qeybulla aprelin 22-də yenidən penitensiar müəssisədə siyasətçini müayinə edib. Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi məlumat verib.

Xəbəri Adil Qeybulla özü də təsdiqləyərək bildirib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri ilə birlikdə Tofiq Yaqublunun müayinəsində iştirak edib. Onun sözlərinə görə, siyasətçinin vəziyyəti orta ağırdır:

“Hemodinamik göstəriciləri stabildir. Aclığa bağlı ümumi halsızlığı, zəifliyi qalır, yeriməkdə çətinlik çəkir. Bu gün Tofiq Yaqubluya 2 litrə yaxın maye - natrium xlorid, ringer, reosarbilakt, mədə qoruyucu köçürülüb. İnfuziya normal keçib, ağırlaşma olmayıb. İnfuziyadan sonra müəyyən yüngüllük hiss etdi”.

Həkim əlavə edib ki, Tofiq Yaqubluya aclığı dayandırmağı təklif ediblər, lakin siyasətçi davam etdirməkdə israrlı olduğunu bildirib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov adlı biri vasitəsilə 25 min avro və 10 min manat alıb, onu aldatmaqda ittiham olunur. Siyasətçi mart ayında çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1 (saxta sənəd hazırlama) maddələrilə 9 il azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu özünü təqsirli bilmir, bu ittihamların yalan olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Siyasətçi bundan əvvəl də bir neçə dəfə uzunmüddətli və qısamüddətli həbs həyatı yaşayıb.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью