Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
İnsan tarix boyu ailəni dünyanın ən təbii, ən toxunulmaz və ən müqəddəs institutu kimi təqdim edib. Sanki ailə insanın seçimindən əvvəl mövcud olan, müzakirəyə qapalı, dəyişdirilməsi mümkün olmayan bir həqiqətdir. Əlbəttə, bu, ilk növbədə, belə deyil.
Dəqiq desək, ailə də insanın yaratdığı digər sosial institutlar kimi tarixin, mədəniyyətin, iqtisadi münasibətlərin, qorxuların və ehtiyacların məhsuludur. İnsan ailəni yaradıb, sonra isə yaratdığı bu quruluşu müqəddəsləşdirərək özünü onun qarşısında borclu elan edib.
Bəs ailə heç mövcud olmasaydı, dünya necə olardı?
İnsanlar yenə sevərdimi?
Uşaqlar necə böyüyərdi?
Sədaqət, bağlılıq, məsuliyyət və sevgi anlayışları hansı formada yaşayardı?
Bəlkə də, ailənin yoxluğu insanı azad edərdi. Ya da ola bilsin, onu daha böyük bir tənhalığa məhkum edərdi. Şübhəsiz, bu sualların cavabı ailəni müdafiə etməkdə və ya onu inkar etməkdə deyil, onun arxasında gizlənən insan təbiətini başa düşməyə çalışmaqdır.
Ailənin yaranmasının bioloji, iqtisadi və sosial səbəbləri var. İnsan övladı uzun müddət qayğıya ehtiyac duyur. Tarixən əmək bölgüsü, mülkiyyətin ötürülməsi, nəsil davamlılığı, təhlükəsizlik və sosial nizam ailə institutunun möhkəmlənməsində mühüm rol oynayıb.
Lakin zaman keçdikcə bu cür praktiki zərurətlər mənəvi hökmə çevrilib. Ailə artıq sadəcə birlikdə yaşamaq və bir-birinə qayğı göstərmək forması deyil, insanın həyatını mənalandıran, hətta onun mənəvi dəyərini müəyyən edən bir meyara çevrilib.
Məsələn, bu gün cəmiyyətdə həm də evlənməyən insan natamam, boşanan insan uğursuz, fərqli münasibət modeli seçən insan isə bəzən əxlaqsız hesab olunur.
Bəs görəsən, insan ailə üçün yaşayır, yoxsa ailə insanın daha yaxşı yaşaması üçün mövcuddur?
Əgər ailə insanın xoşbəxtliyinə, təhlükəsizliyinə və inkişafına xidmət etməlidirsə, niyə bəzən insanın azadlığını, fərdiliyini və psixoloji sağlamlığını məhdudlaşdıran mexanizmə çevrilir?
Bəlkə problem ailənin mövcudluğunda deyil, onun toxunulmaz elan edilməsindədir?
Müqəddəslik anlayışı çox vaxt müzakirənin son nöqtəsi kimi istifadə olunur. Bir şey müqəddəs elan edildikdə, onun sorğulanması belə hörmətsizlik hesab edilir.
Halbuki heç bir sosial institut tənqiddən kənarda qalmamalıdır. Ailə də istisna deyil.
Bir münasibəti müqəddəs edən onun nikah sənədi, dini mərasimi, qan qohumluğu və ya cəmiyyət qarşısında verilmiş vədi deyil.
Onu dəyərli edən həmin münasibətin daxilindəki sevgi, hörmət, etibar, azadlıq və məsuliyyətdir.
Sevginin olmadığı, insanların bir-birinə dözdüyü, yalnız cəmiyyətin qınağından qorxduğu üçün dağıla bilməyən münasibətə müqəddəs demək nə dərəcədə məntiqlidir?
Zorakılığın, xəyanətin, alçaldılmanın və emosional istismarın olduğu bir ailəni yalnız ailə olduğu üçün qorumaq mənəvi dəyər deyil. Bəzən bu, sadəcə sosial ənənənin insan həyatından üstün tutulmasıdır.
Gəlin, təsəvvür edək ki, insanlıq heç vaxt ənənəvi ailə institutunu yaratmayıb.
İnsanlar birlikdə yaşamaq, sevmək, uşaq böyütmək və həyatlarını paylaşmaq üçün nikah müqaviləsinə ehtiyac duymurlar, münasibətlər hüquqi və sosial məcburiyyətlərdən daha çox könüllü razılıq üzərində qurulur, insanlar yanlız bir-birini sevdikləri müddətdə birlikdədirlər, hisslər dəyişdikdə, münasibət də dəyişə bilər və heç kim yalnız bir zamanlar verdiyi vədə görə ömrünün qalan hissəsini istəmədiyi münasibətdə keçirməyə məcbur deyil.
Əlbəttə, belə bir dünyada sərbəst münasibətlər daha geniş yayılardı. İnsan bir nəfərlə monoqam münasibətdə ola bilər, bir neçə insanla razılığa əsaslanan münasibət qura bilər, yaxud ümumiyyətlə romantik münasibət olmadan yaşamağı seçə bilərdi.
Monoqamiya da, poliamoriya da, subaylıq da eyni dərəcədə legitim həyat seçimləri olardı.
Amma burada vacib bir fərq var ki, o da azadlığın məsuliyyətsizlik demək olmadığıdır.
Sərbəst münasibət xəyanətə, aldatmağa və qarşı tərəfin hisslərini istismar etməyə bəraət qazandırmır. Əksinə, belə münasibətlərin sağlam olması üçün dürüstlük, açıq razılıq, emosional yetkinlik və sərhədlərə hörmət daha da vacibdir.
Əgər ailə insanları bir yerdə saxlayan əsas mexanizm olmaqdan çıxarsa, onları bir yerdə saxlayan yeganə şey münasibətin öz keyfiyyəti olar.
Bu, həm böyük azadlıq, həm də böyük məsuliyyətdir.
Açıq desək, bu cür münasibətləri yox dərəcəsindədir.
Digər tərəfdən, insanlar sevginin əbədi olmasını istəyir, lakin onu qorumaq üçün bəzən azadlığı məhdudlaşdırırlar.
Evlilikdə sədaqət çox vaxt sevginin sübutu kimi qəbul edilir. Halbuki sədaqət yalnız hüquqi və sosial öhdəlikdən ibarət olmamalıdır. İnsan bir münasibətdə qalmağı seçirsə, bu seçim onun daxili istəyindən doğmalıdır.
Məcburiyyətlə qorunan sədaqət sevginin deyil, bəzən qorxunun davamlılığıdır.
İnsan sevdiyi üçün qalmalıdır, getməyə haqqı olmadığı üçün deyil.
Bu düşüncə nikahın, uzunmüddətli münasibətlərin və bağlılığın dəyərini azaltmır. Əksinə, onları daha mənalı edir.
Çünki hər gün yenidən seçilən bir insanla birlikdə olmaq, alternativsiz qaldığın üçün bir insanla yaşamaqdan fərqlidir.
Əbədi sevgi, bəlkə də, bir ömür davam edən hiss deyil, bir ömür boyu təkrar-təkrar verilən azad qərardır.
Aydın məsələdir ki, ailəsiz dünyanın ən ciddi sınağı uşaqlar olardı.
Çünki ailənin tarixi funksiyalarından biri uşağın müdafiəsi, qayğısı və sosiallaşmasıdır.
Əgər ənənəvi ailə mövcud olmasaydı, bu funksiyalar başqa institutlar tərəfindən həyata keçirilməli idi.
Uşaqların bir neçə etibarlı böyüyün iştirak etdiyi icmalarda böyüdüyü, kollektiv qayğı sistemlərinin inkişaf etdiyi, valideynlik məsuliyyətinin yalnız bioloji valideynlərlə məhdudlaşmadığı bir cəmiyyət təsəvvür etmək mümkündür. Ancaq həm də çətindir.
Belə bir modeldə uşağın təhlükəsizliyi onun hansı nikahdan doğulmasından asılı olmazdı.
Lakin burada romantik utopiyaya da qapılmaq olmaz. Uşağın sabit emosional bağlara, etibarlı qayğıya və davamlı təhlükəsizlik hissinə ehtiyacı var. Ailənin alternativi bu ehtiyacları təmin edə bilmirsə, onun yoxluğu azadlıq deyil, yeni bir sosial böhran yaradar.
Deməli, ailəni əvəz etmək üçün sadəcə onu dağıtmaq kifayət deyil. Onun yerinə daha ədalətli və funksional qayğı sistemləri qurmaq lazımdır.
Ailə yalnız emosional birlik deyil, həm də sosial nəzarət mexanizmidir.
İnsanın kiminlə evlənəcəyi, kimdən uşaq sahibi olacağı, hansı cinsi və mənəvi normalara uyğun yaşayacağı əsrlər boyu ailə və cəmiyyət vasitəsilə tənzimlənib.
Bu baxımdan, ailə bəzən fərdin həyatına cəmiyyətin müdaxilə etdiyi ən yaxın instituta çevrilir.
İnsan öz həyatını yaşamaq əvəzinə, valideynlərinin gözləntilərini, qohumların fikirlərini, qonşuların mühakiməsini və ictimai normaları nəzərə alaraq qərar verir.
Beləliklə, şəxsi həyat ictimai nümayişə çevrilir.
Evlilik bəzən iki insanın bir-birini seçməsi deyil, iki ailənin, iki sosial statusun və iki dünyagörüşünün birləşməsi olur.
Müasir insanın əsas dilemması isə budur. O, həyatını özü yaşamaq istəyir, yoxsa başqalarının onun həyatı haqqında formalaşdırdığı təsəvvürə uyğun yaşamağa davam edəcək?
Yaxşı, bəs ailənin yoxluğu insanı xoşbəxt edərdimi?
Mütləq deyil.
Çünki ailənin yoxluğu avtomatik olaraq azadlıq, sevgi və xoşbəxtlik yaratmır. İnsan yalnız sosial institutlardan deyil, həm də öz təbiətindən asılıdır.
İnsan bağlanmaq istəyir. Aid olmaq istəyir. Onun üçün toxunulmaq, anlaşılmaq, gözlənilmək, kiminsə həyatında xüsusi yer tutmaq vacib ola bilər.
Ənənəvi ailə olmasaydı belə, insanlar yenə öz kiçik dünyalarını, emosional birliklərini və davamlı münasibətlərini yaradardılar. Bəlkə onlara ailə deməzdilər. Bəlkə bir evdə yaşayan üç dost, bir-birinə qayğı göstərən insanlar və ya romantik münasibətdən kənar qurulmuş uzunmüddətli birliklər ailənin funksiyalarını öz üzərinə götürərdi.
Çünki insanın ailəyə ehtiyacı ilə konkret ailə modelinə ehtiyacı eyni şey deyil.
Bəlkə də, insanın axtardığı şey ailə deyil, güvəndir. Yəni nikah deyil, bağlılıqdır? Yaxud da, müqəddəslik deyil, mənadır?
Ola bilsin, gələcəyin cəmiyyəti ailəni tamamilə aradan qaldırmayacaq. Sadəcə onu həyatın yeganə legitim modeli olmaqdan çıxaracaq.
Daha dəqiq, ailə insan üçün olmalıdır, insan ailə üçün deyil.
Orxan Saffari
Gununsesi.info