Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakupost.az akademik Nizami Cəfərovun yazıçı, millət vəkili İmamverdi İsmayılovun yaradıcılığı, xüsusən də bu yaxınlarda mətbuatda dərc olunan və ədəbi cameədə geniş müzakirələrə səbəb olan “Bayquş və qarovulçu” hekayəsi ilə bağlı qələmə aldığı analitik yazısını təqdim edir:Çox sevinirəm ki, görkəmli yazıçı, publisist və ictimai xadim İmamverdi İsmayılov bu günlərdə qələmə aldığı, ideya-məzmun, bədii- estetik enerji – miqyasca az qala roman gücündə olan “Bayquş və qarovulçu” hekayəsi ilə ədəbi mühitimizi canlandıracaq daha bir yaradıcılıq uğuruna imza atdı.
Az-çox peşəkar ədəbiyyatçının bu və ya digər dərəcədə diqqətli müşahidəsi dərhal göstərir ki, İmamverdi İsmayılovun yazılarıında onun ictimai xadimliyi ön plandadır – bəhs elədiyi mətləbin sosial- psixoloji, siyasi-ideoloji, mənəvi-əxlaqi çəkisini, dəyərini (və məsuliyyətini!) son dərəcə həssaslıqla ifadə etməsi də məhz buradan irəli gəlir.Əlinə qələm alıb ədəbi söz deyən şəxsin, ilk növbədə, cəmiyyətşünas (və insanşünas) olması tələbinə çox səmimi bir şəkildə riayət eləməsi, elə bilirik ki, İmamverdi İsmayılov üçün zaman- zaman qazanılmış sənətkarlıq təcrübəsindən daha çox, təbii (və fitri) istedad göstəricisidir.
Əks halda, ictimai hadisələrin vaxtaşırı dəyişən mürəkkəb mənzərəsinə hər hansı sosioloji və ya statistik təhlillərlə bu qədər mükəmməl, bu qədər harmonik nüfuz etmə məharətinə yiyələnmək, əlbəttə, mümkün olmazdı.İmamverdi İsmayılovun, mütəfəkkir qələm sahibi kimi, hansı janrda olursa-olsun, bütün əsərlərində kifayət qədər canlı, realist- gerçəkçi, həmçinin xüsusi dəsti-xətti ilə seçilən zəngin publisistika var.
Onun analitik təfəkkürü cəmiyyətdə vaxtaşırı zühur edən sosial- mənəvi tendensiyaları nə qədər dəqiqliklə müəyyənləşdirirsə, arxasınca gələn səmimi duyğular da insanları o qədər inam və təkidlə bu tendensiyalardan ən doğru, ən düzgün, ən humanist olana çağırır.
Əslində, İmamverdi İsmayılov öz yazıçı istedadının, məharətinin mənbəyini də barəsində belə geniş bəhs etməyə ehtiyac duyduğumuz (və yaradıcılıq imkanlarının əsasında dayandığına heç bir şübhə eləmədiyimiz) həmin bu peşəkar yazı tərzindən alır.Mənim bu yazımda əsas məqsədim, məramım istedadlı yazıçının yenicə çapdan çıxan və həm də, aldığım məlumatlara görə, böyük rezonans doğurmuş “Bayquş və qarovulçu” hekayəsi olacaq.Nizami CəfərovAmma, icazənizlə, əziz oxucular, bu əsərin təhlilinə keçməzdən əvvəl, İmamverdi İsmayılovun əsərləri, ümumən bədii yaradıcılıq üslubu üçün səciyyəvi olan çox mühüm bir cəhətə də diqqət yetirəcəyəm ki, bu da zəngin etnoqrafik təəssüratlarla geniş milli dövlətçilik düşüncələrinin çox mükəmməl bir şəkildə uzlaşması, bunlardan birinin digərini tələb etməsi, millətin maraqları səviyyəsində təyinedici olmasıdır.
Ziyalılıq, vətəndaşlıq kimi ağırçəkili anlayışlar yalnız o şəxslərin xarakterini əks etdirə bilər ki, onlar mənsub olduqları xalqın etnoqrafik dəyərləri ilə milli dövlətçilik təfəkkürünü vəhdətdə daşımaq iqtidarına malik olsunlar.
İmamverdi İsmayılov bir yazıçı kimi ölkəmizin müstəqillik illərində formalaşmış belə şəxslərindən, daha doğrusu, şəxsiyyətlərindən biridir.