Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) noyabr ayından start verilən “Akademik inkişaf və innovativ tədris” təlim proqramı uğurla başa çatıb.
UNEC-dən Modern.az-a bildirilib ki, Təhsil və təlimin mükəmməlliyi şöbəsi tərəfindən universitetin pedaqoji heyəti üçün təşkil olunan proqramın əsas məqsədi müəllimlərin müasir tədris metodikası, innovativ təhsil texnologiyaları və rəqəmsal bacarıqlar sahəsində bilik və bacarıqlarının artırılması olub.
Tədbirdə Təhsil və təlimin mükəmməlliyi şöbəsinin müdiri Sənubər Səfiyeva bildirib ki, UNEC-in 100 müəllimini əhatə edən təlim proqramı onların peşəkar inkişafına töhfə verməklə yanaşı, müəllimlər arasında şəbəkələşməni gücləndirib, müzakirə və debatlar üçün yeni platforma yaradıb.
Təlimlər “Tədrisin əsas prinsipləri və pedaqoji dəyərlər”, “Sillabus tərtibatı və fənn dizaynı”, “Qiymətləndirmə və rubriklər”, “Rəqəmsal savadlılıq və süni intellektlə tədris materiallarının hazırlanması”, “Tələbə mərkəzli tədris metodları” və digər aktual mövzuları əhatə edib.
Tədbirdə çıxış edən universitetin rektoru professor Ədalət Muradov ilk dəfə olaraq keçirilən bu təlimlərin müəllimlərin konkret sahələr üzrə biliklərini deyil, birbaşa müəllimlik bacarıqlarını gücləndirməyə xidmət etdiyini diqqətə çatdırıb.
Rektor qeyd edib ki, sürətlə dəyişən texnologiyalar təhsil sahəsindən də yan keçmir və bu reallıq müəllimlərin rəqəmsal bacarıqlara yiyələnməsini zəruri edir: “Rəqəmsal həllər müəllimin gücünü artırır. Bu bacarıqlara yiyələnən müəllimlər daha güclü olur və biliklərini auditoriyaya daha effektiv şəkildə təqdim edə bilirlər”.
Ədalət Muradov bildirib ki, UNEC artıq layihə əsaslı tədris modelinə keçid edib və bu yanaşma mərhələli şəkildə digər fakültələrdə də tətbiq olunacaq. Eyni zamanda, “Çevrilmiş tədris”modelinin də genişləndirilməsi nəzərdə tutulur.
Müəllimlərin əməkhaqqının diferensiallaşdırılması və dərəcələndirilməsi məsələsinə də toxunan rektor qeyd edib ki, gələcəkdə müəllimlərin əməkhaqqı artımı onların inkişaf səviyyəsi və özünüinkişaf fəaliyyətləri ilə birbaşa bağlı olacaq.
Tədbirdə çıxış edən təlim iştirakçıları proqramın əhəmiyyətindən danışıblar.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.