Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 8 noyabr, AZƏRTAC
Deyirlər ki, bəşər tarixi müharibələr tarixidir. Amma ən böyük şəxsiyyət, əlbəttə ki, müharibələrə son qoymağı bacaran, onların davam etməsinə imkan verməyən insandır. Bu mənada böyük şairimiz Hüseyn Cavidin sözləri xüsusi əhəmiyyət kəsb edir: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü”.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib.
Torpaqlarımızın 30 il ərzində işğal altında qalmasına toxunan T.Kərimli bildirib ki, Qarabağ torpaqları bu müddətdə öz sahibindən ayrı düşən azərbaycanlılar üçün darıxırdı. Həmin torpaqları özünə - sahibinə qaytaran insan həm xalqına, həm də torpağına xidmət etmiş olub. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyev dahi şəxsiyyətdir.
“Buna görə də 8 Noyabr mənim üçün bayramlarımız arasında ən böyük bayramdır. İslamda böyük və kiçik bayram anlayışları var. Mənim düşüncəmə görə, bütün bayramlarımız 8 Noyabrın qarşısında kiçik bayramlardır. Ona görə də bu günə xüsusi əhəmiyyət verirəm. Xüsusilə gənc nəslin təlim-tərbiyəsində bu bayramın rolunu, əhəmiyyətini və tarixi missiyasını izah etmək üçün müəllimlərimiz çox böyük iş görməlidirlər”, - deyə akademik vurğulayıb.
O, 8 Noyabrın hələ açılmamış bədii və mənəvi qatlarının zaman keçdikcə daha dərindən üzə çıxacağını bildirərək deyib: “Mənə elə gəlir ki, 8 Noyabrın bədii ensiklopediyası hələ yazılmayıb. Bu istiqamətdə işlərə yalnız indi-indi başlanılır. Çünki ən böyük hadisələri, ən böyük predmet və obyektləri müəyyən zaman keçdikdən sonra daha aydın görmək mümkündür. Dağa yaxından baxanda onun bütövlüyünü görə bilmirsən. Bir qədər uzaqlaşmaq, zamanın keçməsini gözləmək lazımdır ki, onu tam şəkildə qavrayasan, görə və təsvir edə biləsən. Bu mənada düşünürəm ki, zaman keçdikcə vətənpərvər şairlərimiz, yazıçılarımız, alimlərimiz və filosoflarımız 8 Noyabr fenomeninə yenidən qayıdacaq, onu təsvir və tədqiq edəcəklər. Bu isə şübhəsiz ki, xalqımızın inkişafında, dünya xalqları arasında öz layiqli yerini tutmasında çox böyük rol oynayacaq”.
Müxbir – Lalə Minasazova