Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
Afaq Məmmədova
Bakı Dövlət Universiteti,
Türkologiya kafedrasının dosenti
…türk bütövlüyü, ümumi dünya qloballaşma hərəkatını sürətləndirər.
T.Hacıyev
Akademik Tofiq Hacıyev Azərbaycan dilçiliyində yalnız fundamental tədqiqatların müəllifi kimi deyil, eyni zamanda türk dünyası anlayışını elmi konsepsiya səviyyəsinə yüksəldən alimlərdən biri kimi tanınır. Onun elmi irsində türk dilləri arasındakı tarixi, struktur və semantik bağlılıq məsələləri aparıcı tədqiqat istiqamətlərindən biri olmuşdur. Türk dünyasının elmi-mədəni inteqrasiyası problemi XX əsr Azərbaycan türkologiyasında xüsusi yer tutmuş, bu istiqamətdə aparılan araşdırmalar milli dilçiliyin ümumtürk elmi məkanı ilə əlaqələndirilməsinə xidmət etmişdir. Məhz bu inteqrasiyanın formalaşmasında və inkişafında akademik Tofiq Hacıyevin elmi fəaliyyəti mühüm rol oynamışdır.
Onun türk dünyasına olan dərin marağı bu məkanı ortaq dil və mədəniyyət zəminində dərk etməsindən, müxtəlif türk xalqlarının alimləri ilə qurduğu sıx elmi əlaqələrdən və apardığı müzakirə və diskussiyalardan qaynaqlanırdı. Türkiyədən kənarda ortaq türk ünsiyyət dili məsələsini yazılarında, çıxışlarında və konfrans məruzələrində ardıcıl olaraq gündəmdə saxlayan nadir alimlərdən biri olan Tofiq Hacıyev bu ideyanı həm elmi, həm də mənəvi borcuna çevirmişdir.
Elmi irsin genişliyi
Tofiq Hacıyevin elmi yaradıcılığı mövzu dairəsinin genişliyi və problematikasının zənginliyi ilə seçilir. 400-ə qədər elmi məqalə, 40-dan çox dərslik və monoqrafiyanın müəllifi olan akademik Tofiq Hacıyev hələ sovet dövründən etibarən “Dədə Qorqud kitabı”nın dili, Sabir və Füzuli yaradıcılığının dil xüsusiyyətləri, “Molla Nəsrəddin” jurnalının dili, eləcə də Cəbrayıl şivəsi haqqında apardığı tədqiqatlarla həm Azərbaycan dilçiliyində, həm də ümumtürk filologiyasında mühüm elmi mənbə kimi tanınmışdır. “Sabir: qaynaqlar və davamçılar”, “Füzulinin dili və üslubu”, “Molla Nəsrəddinin dili və üslubu”, “Dədə Qorqud: dilimiz, düşüncələrimiz” kimi əsərləri bu zəngin yaradıcılığın parlaq nümunələridir. Tofiq Hacıyev Azərbaycan dilini heç vaxt təcrid olunmuş milli fakt kimi təqdim etməmiş, onu ümumtürk dil məkanının ayrılmaz və canlı tərkib hissəsi kimi araşdırmışdır.
Akademikin “Azərbaycan ədəbi dilinin tarixi” adlı iki cildlik monoqrafiyası uzun illərdir ali məktəblərdə müəllim və tələbələr üçün əvəzolunmaz stolüstü kitaba çevrilmişdir. Ümumi həcmi 900 səhifəyə yaxın olan bu sanballı əsərdə Azərbaycan ədəbi dilinin formalaşma və inkişaf mərhələləri ümumtürk dil tarixi fonunda araşdırılır, dil faktları türk dillərinin ümumi qanunauyğunluqları kontekstində izah olunur. Alim burada Azərbaycan dilinin tarixi inkişaf yolunu digər türk dilləri ilə qarşılıqlı əlaqədə təqdim edir və onu böyük türk dil ailəsinin mühüm qollarından biri kimi dəyərləndirir.
Tofiq Hacıyevin elmi fəaliyyəti yalnız tədqiqatçılıqla məhdudlaşmamış, o eyni zamanda güclü bir elmi məktəbin banisi olmuşdur. Onun rəhbərliyi ilə 6 filologiya üzrə elmlər doktoru və 30-a yaxın fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir. AMEA-nın müxbir üzvü Nizami Cəfərov, professorlar Elbruz Əzizov, Sərxan Abdullayev, Ramiz Əskər, Eldar Piriyev, Sərdar Zeynalov, Rasim Özyürək bu məktəbin tanınmış nümayəndələri sırasındadır. Akademikin yetirmələri arasında Türkiyə, İran və Türkmənistandan olan tədqiqatçılar da var - bu isə onun elmi təsirinin Azərbaycan hüdudlarını aşdığının bariz göstəricisidir.
Tofiq Hacıyevin türk dünyası ilə bağlı məqalələri məzmun və istiqamət baxımından müxtəlif sahələri əhatə edir. Bu yazıları şərti olaraq aşağıdakı qruplara ayırmaq olar:
a) Türk dillərinin tarixi və struktur problemlərinə həsr olunmuş tədqiqatlar: “О происхождении герминат в тюркских языках”, “Восстановление древних элементов в тюркских языках”, “Orxon-Yenisey kitabələri: janr xüsusiyyətləri”, “Orxon dastanlarının şeir sənətkarlığı”, “Kül tigin ve Bilge kağan destanlarının şiiri üzerine”, “Türkün dili tək sevgili, ehsaslı dil olmaz”, “Türk dilində sözün morfoloji inkişafı”, “Türk dillərinin leksik-morfoloji inkişafı”, “-dürür, -türür şəkilçisinin mənşəyinə dair”, “Türkcələrin tarixində mətn dilinin bütövlüyü”, “Qədim yazılı abidələrdə bədiiliklə tarixiliyin vəhdəti”, “Türk dillərində qədim morfemlərin bərpası”, “Türk dilinde kelimenin içeriği ile seslenmesindeki birlik” və s.