Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 4 fevral, AZƏRTAC

Aktau Beynəlxalq Dəniz Ticarət Limanı ilə Kəraçi Limanı liman logistikası sahəsində inkişafın təmin edilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi barədə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, saziş İslamabadda keçirilən “Qazaxıstan-Pakistan” biznes-forumu çərçivəsində imzalanıb. Forumun kuluarlarında ümumi məbləği təxminən 200 milyon ABŞ dolları olan 32 kommersiya sənədi razılaşdırılıb.

İmzalanmış razılaşmalar maliyyə, logistika, sənaye, energetika, aqrar-sənaye kompleksi, rəqəmsal xidmətlər və infrastruktur sahələrində Qazaxıstan-Pakistan əməkdaşlığının inkişafına yönəlib.

Ən iri sənaye sazişi Qazaxıstanın “Falcon EuroBus” MMC ilə Pakistanın “QCC International” şirkəti arasında yerli istehsal olan elektrobusların Pakistana tədarükünə dair 108 milyon ABŞ dolları məbləğində bağlanmış müqavilə olub.

Razılaşmalar paketinin mühüm hissəsi maliyyə infrastrukturunun inkişafına fokuslanıb. “Samruk-Qazına” ASC ilə “Fauji” şirkətlər qrupu birgə investisiya platformasının yaradılması barədə razılığa gəlib. “Bayterek” Milli İdarəedici Holdinqi ASC layihə və ticarət maliyyələşdirilməsi sahəsində “Habib Bank Limited” ilə tərəfdaşlığını genişləndirir.

“Freedom Holding Corp.” və “Freedom Bank Kazakhstan” ASC “Meezan Bank Limited” ilə 20 milyon ABŞ dolları məbləğində müxbir münasibətlərin və beynəlxalq hesablaşmaların inkişafına dair saziş imzalayıb.

Nəqliyyat-logistika sektorunda isə “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti ASC ilə “National Logistics Corporation” multimodal daşımalar sahəsində əməkdaşlıq barədə razılığa gəlib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью