Akvakultura sektorunun inkişafı üçün birgə əməkdaşlıq müzakirə edildi

04.02.2026

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

4 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının Dövlət Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Xidmət və Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

Qaynarinfo xəbər verir ki, tədbirdə Xidmətin rəis müavinləri Tural Abbasov və Əliağa Əzizov, "Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin direktoru Ceyhun Əliyev və digər aidiyyəti qurumların məsul əməkdaşları iştirak ediblər.

Görüş zamanı Prezidentin 18 dekabr 2025-ci il tarixli 554 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası” çərçivəsində akvakultura fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin su obyektlərindən istifadə və axıdılmasının rəsmiləşdirilməsi məsələləri müzakirə olunub.

Xidmətin rəis müavini Tural Abbasov qeyd edib ki, balıqçılıq təsərrüfatlarının fəaliyyəti su resurslarının qorunması və idarə olunması baxımından xüsusi əhəmiyyət kəsb edir və aparılacaq tədbirlər sahədə şəffaflığın təmin olunmasına xidmət edəcək.

Rəis müavini Əliağa Əzizov əlavə edib ki, suyun uçotu və təsərrüfatların düzgün qeydiyyatı yalnız qanunvericiliyin tələblərinə əməl olunmasını deyil, həm də su ehtiyatlarının səmərəli istifadəsini təmin edir. Onun sözlərinə görə, bu əməkdaşlıq akvakultura sahəsinin modernləşdirilməsi və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradacaq.

"Balıqçılıq və Akvakultura Mərkəzi” PHŞ-nin direktoru Ceyhun Əliyev isə əldə olunmuş məlumatların bölüşdürülməsi, məlumat bazalarının inteqrasiyası və balıqçılıq fəaliyyəti ilə məşğul olan subyektlərin maarifləndirilməsi məqsədilə birgə tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə həmçinin su və su təsərrüfatı obyektlərindən istifadənin təkmilləşdirilməsi, uçotun dəqiq aparılması və digər əlaqəli məsələlər üzrə konkret addımlar müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью