Icma.az, 525.az saytına istinadən bildirir.
Kamil ƏFSƏROĞLU
"Amfibiya adam" fantastik filmin ekranlara çıxdığı vaxtdan 65 il ötür. Film Azərbaycan tamaşaçılarına bir köynək də yaxındır, çünki bir çox epizodları Bakıda çəkilib. Yarım əsrdən çox keçməsinə baxmayaraq, filmə bu gün də maraqla baxılır.
Yazıçı-publisist Kamil Əsəroğlunun sizə təqdim etdiyimiz yazısı bu film və filmin Quttiere rolunun ifaçısı, tanınmış rus aktrisası Anastasiya Vertinskaya barədədir.
1984-cü illin yayı idi. Beynəlxalq Daşkənd kinofestivalında türkiyəli prodüser Sabah Duru məni kinorejissor Nikita Mixalkovla tanış etdi. Mixalkov 16-17 yaşındakı oğlanı bizə tanıdıb dedi ki, oğlu Stepandır. Mən də tanışım Zöhrə Ruzmatovanı təqdim elədim, dedim, Daşkənd Texniki İnstitutunun ikinci kurs tələbəsidir, Kokand şəhərindəndir.
Mixalkov heyranlığını gizlədə bilmirdi. Bir onu söylədi ki, bu gözəl ledi çox fotogenikdir, gözlərində səma dərinliyi, səma maviliyi var... Əgər istəsə, kino ulduzu ola bilər. Rejissor kimi mən belə görürəm...
Zöhrənin aktrisalıq fikrində olmadığını biləndə Nikita çox təəssüflənsə də, ancaq sözü daha çevirmədi.
Stepanla tədbirlərdə, ziyafətlərdə tez-tez rastlaşırdıq, bir neçə dildə sərbəst danışdığından, xaricilərlə görüşlərdə köməyimizə yetir, bir növ, bizə tərcümanlıq eləyirdi. Davranışından, oturub-duruşundan hiss olunurdu ki, yaxşı təhsil alıb, tərbiyə görüb. Biləndə ki, Stepanın anası məşhur aktrisa Anastasiya Vertinskayadır, bu müjdəyə çox sevindim. Aktrisanın şəxsi həyatıyla bağlı məlumatım olmasa da, yaradıcılığına bələdliyim var idi. Sovet dönəmində sənət adamlarının şəxsi həyatı nədənsə pərdə arxasında qalır, bu baradə mətbuatda söhbət açılmırdı.
Stepanla söhbətdən onun 1966-cı il təvəllüdlü olduğunu biləndə bir paralellik aparmaq istədim, dedim Serqey Bandarçukun "Hərb və sülh" filmiylə yaşıdsan. Bu tutuşdurmanı boşuna aparmadım, bilirdim ki, o möhtəşəm ekran əsərində Anastasiya Vertinskaya da çəkilib və aktrisanın Liza Bolkonskayası, sözün əsl mənasında, filmə yaraşıqdır.
- Hə, - Stepan dedi, - anam o filmdə çəkiləndə mən 1 yaşımda olmuşam.
Söhbətdən belə bildim ki, bu qamətli, boylu-buxunlu oğlan incəsənəti sevsə, kino sənətinə meyilli olsa da, amma gələcəkdə özünü daha çox iş adamı kimi görmək istəyir.
Anastasiya Vertinskaya yaradıcılığı haqqında söhbət düşəndə, nədənsə ilk növbədə gözümün qabağına "Amfibiya adam" filmi gəlir. Bu, gənc aktrisanın rol aldığı ikinci filmi olsa da, onu daha çox tanıdıb sevdirmişdi. "Amfibiya adam" altmışıncı illər gəncliyinin romantikası idi.
Yaxşı yadımdadır, film ekranlara çıxanda Yuri Qaqarin kosmosa təzəcə uçmuşdu. O filmə baxandan sonra kosmonavtlıq arzusuna düşmüş oğlanlar fikirlərini dəyişib suda-quruda yaşayan adam - İxtiandr olmaq istəyirdilər və hər kəsin də öz aləmində vurulduğu gözəl-göyçək Quttieresi vardı.
Bu fantastik film məni də öz sehrinə salmış, sirli-əfsunlu bir aləmə götürmüşdü. Dönə-dönə baxır, "doydum" demirdim. Qəlbimdə qəribə hisslər dolaşırdı, elə bilirdim bu, mənim filmimdir, yalnız mənim. Ekrandakı ala gözlü, təmiz qəlbli Quttiereni təkcə tay-tuşlarıma deyil, Yer üzünün bütün uşaqlarına qısqanırdım. Darıldığım bir şey də vardı - dənizli, okeanlı dünyası olanlara açıqdan-açığa qibtə eləyir, həsəd aparırdım. Dağların ətəyinə sığınmış bizim qəsəbəni dənizlə, okeanla yüzlərlə, minlərlə kilometr məsafə ayırırdı və mən təskinliyi bunda tapırdım ki, küçəmizdəki Çinar kəhrizin dupduru suyu axıb o dənizlərə, okeanlara tökülür.
O vaxtdan mənim dənizli dünyam başladı, hansısa bir dənizin, okeanın İxtiyandrı olmaq istəyirdim... İstəyirdim köpək balıqlarının qaynaşdığı sularda o gözəl Quttiereni mən xilas eləyim. Sən demə, yaşıdlarım da bu hissləri yaşayırmış, oğlanların sayı qədər də İxtiyandır vardı bizim qəsəbədə.
Dərsdən sonra qaçırdım köhnə çaxır zavodunun yerindəki hovuza, axşamacan sudan çıxmırdım. Bir-iki gün içində mən suyun üzündə qalmağı bacarır, hətta qorxub eləmədən dərinliyə də dalırdım. Su vur-tut iki adam boyunda olsa da, mənə elə gəlirdi əlçatmaz-ünyetməz dərinliklərdə üzürəm. Suyun altında əlimi gəzdirir, nəsə axtarırdım. Elə bilirdim bu kiçik hovuzdan hansısa okeana yol açılır və bu yol məni uzaqlara aparacaq. Hovuz mənə dar gəlir, onun beton divarları məni sıxırdı, böyük sularda üzmək istəyirdim. Susuz dayana bilmirdim və deyim ki, elə tay-tuşlarım da məndən geri qalmırdılar. Analarımız gəlib bizi səsləyənəcən sudan çıxmırdıq. Kamalın anası Həcər xala elə ha deyinir, deyirdi, bu kinonu çəkən görüm kinosuz qalsın, o alagöz qız uşaqların ağlını başdan çıxarıb, olublar sucüllütü. "Sucüllütü" - bu söz ürəyimizi yaralayırdı - bizi "Amfibiya adam" çağıran yox idi.
"Amfimbiya adam" fantastik filminin fantastik uğurları göz qabağındaydı. Bu uğur həm də aktyor seçimiylə bağlı idi. Rejissor Aleksandr Çebotaryov əsas rollara aktyor axtarşına çox vaxt sərf etməli olmuşdu. Deyirdi, filmin qəhrəmanları başqa bir dünyanın adamlarıdır: bakirə, məsum Quttierenin gözlərində səma maviliyi, İxtiandrın baxışlarında dəniz dərinliyi olmalıdır.
Anastasiya Vertinskaya və Vladimir Korenev baş rollar üçün uğurlu tapıntı idi. Hərdən belə bir suala cavab axtarır, düşünürəm ki, əsas rollarda başqa aktyorlar çəkilsəydi, film bu qədər uğurlu alınardımı? İnsanları fantastikaya, fantastik qəhrəmanların "mövcudluğuna" inandırmaq çətindir. Məsələ bundadır ki, "Amfibiya adam" fantastik qəhrəmanları, fantastik vaqiələri tamaşaçıya gerçəklik kimi qəbul etdirə bilmişdi. Film yazıçı Aleksandr Belyayevin eyniadlı əsəri əsasında ekranlaşdırılıb.
"Amfibiya adam" bizim tamaşaçılara, necə deyərlər, bir köynək də yaxındır, ona görə ki, filmin bəzi epizodları paytaxtımızda çəkilib. O vaxt Anastasiyanın on altı yaşı vardı və bu, aktrisanın paytaxtımıza ilk gəlişi deyildi.
1946-cı ildə Azərbaycan Dövlət Filarmoniyasında məşhur şanson Aleksandr Vertinskinin konsertinə şəhərin musiqisevərləri yığışmışdı. Vertinski kiçik qızları Marianna və Anastasiyanı da səhnəyə çıxartdı, onların şəninə şeir söyləyib konserti açdı. Tamaşaçılar müğənnini alqışlayanda xanımların barmaqlarındakı iri qaşlı üzüklərin parıltısı göz qamaşdırırdı. Üzünə vual salmış xanımlar, frak geymiş köhnə kişilər bu konsertdə həm də öz keçmişlərilə görüşə gəlmişdilər. Vertinskinin ifasında səslənən həzin romanslar onları öz niskilli çağlarına qovuşdururdu...
Anastasiyanın Bakı ilə ilk tanışlığı belə olmuşdu. Bəlkə də o xatirələr üç yaşlı Nastyanın yadına həmişəlik həkk olunmuş və on dörd il sonra Bakıya çəkilişə gələndə atalı günlərini, filarmoniya səhnəsində eşitdiyi o isti alqışları yadına salmışdı.
Anastasiya Vertinskaya aktyorluq sənətinə kinodan başlayıb. İlk rolunu Aleksandr Qrinin "Al yelkənlər" əsəri əsasında çəkilmiş filmdə oynayıb. O, Assol obrazını sevmiş və tamaşaçılara da sevdirə bilmişdi. Məhz ilk uğurun nəticəsiydi ki, Anastasiya rejissorların diqqətini çəkməyə başlamışdı. Bir-birinin ardınca onu yeni rollara dəvət edirdilər.
1963-cü ildə Anastasiya Şukin adına teatr institutuna daxil oldu. On doqquz yaşlı qız tələbə həyatına başlayanda artıq tanınır, sənət ulduzu kimi şölə saçırdı. O, milyonların sevdiyi, pərəstiş etdiyi aktrisa idi. Əlbəttə, gənc yaşlarında belə şan-şöhrət qazanmaq hər kəsə nəsib olmur. Kursda ona vurulan oğlanlar, həsəd aparan qızlar çox idi. Anastasiya sanki bütün bunları görmürmüş kimi davranır, burnunu dikəldib özünü dartmırdı, demək istəyirdi ki, baxın, mən də sizin kimi adi bir tələbəyəm. Anna institutda onu adi tələbə kimi yox, fantastik bir aləmin fantastik qəhrəmanı kimi görür, hətta öz adıyla deyil, "Amfibiya adam"dakı obrazının adıyla - Quttiere çağırırdılar. İstedadından savayı, Nastya zahirən də aktyorluq sənətinə çox uyğun gəlirdi, kinogenik idi. Qədd-qaməti, məsum baxışı, göyçək sifəti onu intibah dövrü portretlərindəki qızlara bənzədirdi, sanki hansısa bir rəsm əsərindən çıxıb gəlmişdi, filmdəki rolunu oynayacaq, sonra da qayıdıb gedəcəkdi öz əsərinə.
1964-cü ildə "Hamlet" filminin ekranlara çıxması kino sənətində hadisə kimi qarşılandı. Filmdə tanınmış sənətkarladan Smoktunovski, Mixail Nazvanov, Yuri Qolubev və başqaları çəkilmişdi. Ofeliya rolunun ifaçısını tapmaqdan ötrü rejissor Qriqori Kozinsev çox arayıb-axtarmış və sonda axtardığını Anastasiya Vertinskayada tapmışdı. Anastasiya Ofeliyanın həyatını bütün varlığıyla, qəlbən yaşaya bilmişdi. Üç ildə bir-birinin ardınca üç filmdə oynamaq o dövr üçün əlçatmaz idi və belə xoşbəxtlik hər sənətkara nəsib olmurdu. Nastyanı bəxtiyeyin aktrisa sanırdılar. O özü də "Hamlet"dəki rolunu çox bəyənirdi. Ofeliya rolu onun yaradıcılığında daha bir sınaq idi və aktrisa bu sınaqdan da üzüağ çıxa bilmişdi. Film beynəlxalq festivallara qatılmış, gənc aktrisanı dünya tamaşaçılarına da tanıtmışdı. Anastasiya deyirdi: "Smoktnovski kimi sənətkarla tərəf-müqabili olmaq mənə çox şey verdi, mən onun sənət mətbəxinə yaxından bələd olanda bildim ki, aktyorluq yalnız peşə deyil, sirlərlə, müəmmalarla dolu mistikadır, təfəvvüvdür. Ofeliyadan sonra mən qəti əmin oldum ki, aktyorluq maraqlı yoldur və mən də bu yolun yolçusuyam".
Sənətə sonsuz vurğunluğu ona ailə vəziyyətini belə unutdurmuş, arxa plana keçirmişdi. Hətta haqqında dedi-qodular da dolaşmağa başlamışdı. Sənət adamlarının həyatı bunsuz ötüşmürdü.
Nikita Mixalkovla Anastasiya Vertinskaya hələ tələbə ikən evlənmişdilər, lakin onların evliliyi uzun sürməmişdi. Bu barədə söhbət düşəndə Anastasiya günahın çoxunu öz boynuna götürür. Deyir: "Nikita məni daha çox evdar qadın görmək istəyirdi, mənsə sərbəstlik axtarır, azad-asudə olmaq istəyirdim. Bax, burda bizim fikirlərimiz ayrılırdı və bu fikir ayrılığı da sonda nigah ayrılığına gətirib çıxartdı. Körpə oğlum Stepan atasının himayəsində qaldı".
Yaradacılıqdakı uğurları aktrisaya qol-qanad verirdi. "Hamlet"dəki Ofeliya rolundan sonra ona vurulanlar daha da çoxaldı. Pərəstişkarları Anastasiyanı "Sovet kinosunun Vivyen Lisi" adlandırırdılar. Gənc aktrisa bu ayamanı yaxşı qarşılayırdı. "Küləklə sovrulanlar, "Voterlo körpüsü", "Arzu tramvayı" filmlərindən tanıyıb, pərəstiş etdiyi, dünyaca məşhur Hollivud ulduzuna tay tutulması Anastasiyanın özünə olan inamını daha da artırırdı. Elə rejissorlar da ona inamla yanaşırdılar, aktrisanın potensial imkanlarına güvənir, bilirdilər ki, gənc qızın daha böyük uğurları hələ irəlidədir.
Şöhrət şöhrət dalınca gəlirdi. Anastasiya isə bütün bunları soyuqqanlı qəbul eləyirdi. Teatr institutunda oxuduğu vaxt tale onun üzünə daha bir qapı açdı. Sergey Bandarçuk aktrisanı "Hərb və sülh" kinoepopeyasında Liza Bolkonskaya roluna dəvət elədi. Liza Bolkonskaya rolu ikinci dərəcəli olsa da, Anastasiya Vertinskaya bu rolu elə ustalıqla oynamışdı ki, tənqidçilər aktrisanı əsas rolların ifaçıları ilə bir cərgədə tuturdular. Müsahibələrinin birində Anastasiya deyir: "Çox yerdə məni məşhur Aleksandr Vertinskinin qızı kimi qəbul edirdilər, ya da tərifləyirdilər ki, sən gözəlsən. Mən bu fikirlərlə barışmırdım, çünki kimin qızı olmağım, gözəlliyim mənim xidmətim deyildi. İstəyirdim desinlər sən yaxşı aktrisasan, bax bu, olardı mənim xidmətim".
Teatr Anastasiyanın yaradıcılığında ikinci mərhələ idi. Kinoda qazandığı təcrübə, şübhəsiz, səhnədə də onun köməyinə yetirdi. Belə demək doğru olardı ki, o, teatra sınaqlardan keçmiş hazırca akrisa kimi gəlmişdi. Amma səhnə sənətinin öz tələbləri vardı və Anastasiyadan ötrü bu tələblərə uyğunlaşmaq elə də çətin deyildi. O, rejissorlarla işləməyi, bacarır, tərəf-müqabilini asanca anlayırdı. Elə rejissorlara da onunla işləmək asan idi. Anastasiya məşhur aktyor Oleq Yefremovu özünün teatr müəllimi sayırdı. Onlar bir müddət "Sovremennik"də, sonra isə MXAT-da birlikdə çalışdılar.
Teatr da gənc aktrisaya az şöhrət qazandırmayıb. Tamaşaçılar onun oyununda Çexovun qəhrəmanlarıyla görüşürlər. "Çayka"dakı Nina Zareçnaya, "Vanya dayı"dakı Yelena Andreyevna və digər rolları yaddaqalandır. Aktrisanın yaradıcılıq yoluna nəzər yetirəndə görürük ki, Çexov sənətinə onda xüsusi rəğbət olub. Bunu Anastasiya özü də etiraf eləyir: "Mən çox şadam ki, Çexov yaradıcılığından keçmişəm. O, çox sərt, amansız müəllifdir və heç vaxt heç kimə necə yaşamaq, nə etmək haqda açıq öyüd vermir. Çexova görə əsl qəhrəman o adamdır ki, köhnəliyi, mühafizəkarlığı, yeknəsəqliyi dəf etməyi bacarır".
Yetmişinci-səksəninci illərdə teatrla kino Anastasiya Vertinskayanın yaradıcılığında bir vəhdət təşkil edirdi. Bu, aktrisanı yormurdu, teatrda oynaya-oynaya filmlərdə də çəkilirdi. 1980-ci ildə ekranlaşdırılan "Ovod" filmində Andrey Xaritonovla tərəf-müqabili olur. Rejissor Leonid Pçyolkinin Cek Londonun əsəri əsasındı ekranlaşdırdığı "Oğurluq" filmində aktrisa yenidən Smoktunovski ilə birlikdə baş rolda çəkilir. Yeni filmlər ona yeni uğurlar qazandırır.
Rejissor Georgi Daneliyanın "Qəm yemə" filminə baxanda mən Anastasiyanın Meri rolunda çəkilməyini onun ana tərəfdən gürcü qarışığı olduğu ilə əlaqələndirirdim. Fikirləşirdim ki, əlbət, rejissor buna xüsusi mahiiyət verib. Çox sonralar oxuduğum bir yazıda bu suala cavab tapdım. Georgi Daneliya yazırdı: "Revaz Qabriadze ilə mən Anastasiyada gürcü qanı qarışığı olduğunu unutmuşduq. Ssenarini oxuyanda, sadəcə, belə qərara gəldik ki, Merini məhz Vertinskaya oynamalıdır, ona görə ki, qəhrəman aristokrat, gözəl bir qız idi və Nastya bu rola uyğun gəlirdi..."
"Qəm yemə" sovet prokatında çox göstərilən filmlərdən idi, tamaşaçılar tərəfindən böyük maraqla qarşılanırdı. Kino tənqidçiləri də filmin uğurlarından az yazmır, Anastasiyanın müvəffəqiyyətli oyununu dönə-dönə dilə gətirirdilər.
Anastasiya Vertinskayanın yaradıcılığına həmişə yüksək dəyər verilib. O, Rusiyanın xalq artistidir, Şöhrət ordeni ilə təltif olunub.
Sənətdən uzaqlaşmış Anastasiya Vertinskaya oğlu Stepanın biznesində ona gömək eləyir, nəvələrinin tərbiyəsilə məşğul olur, esselər, xatirlər yazır. Yazmağa haqqı var, maraqlı yaradıcılıq yolu keçib. Sənətdən ayrılmağına peşman deyil. Özünün dediyi kimi, bu yaşda ağlını itirmiş bir qarı və ya qatil anası rolunu oynamaq niyyəti yoxdur... Bunu da bilir ki, sənət dünyasının öz amansız qanunları var - sənət ulduzlarının şəfəqi fəza sitarələrinin şöləsi təki sonsuz deyil...
2026