Icma.az, Olke.az portalına istinadən məlumat yayır.
Ölkə.az-ın xəbərinə görə, bəyanatda deyilir ki, Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhval-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayır.
“Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, eləcə də sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın Baş naziri Nikol Paşinyanın və digər yüksək vəzifəli rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etməsi tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır. Diplomatik korpus nümayəndələrinin səfərinə qarşı Ermənistanda aparılan məqsədyönlü kampaniya bu ölkədəki siyasi və dini dairələrin sülh istəyində səmimi olmadığını, hələ də Azərbaycanın legitim hüquqlarına dözümsüz yanaşdığını göstərir”, - bəyanatda deyilir.
İcma bəyan edir ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir: “Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir. Alban Kilsəsi Qafqazın ilk apostol kilsəsi kimi uzun tarixi yol keçmiş, tək Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuşdur. Böyük bir mədəniyyət yaratmış, öz əlifbası olmuş bir irsə qarşı bütün hücumlar iflasa uğrayacaq. Əlahəzrət faktları danmaq olmaz”.