Alban Udi xristian icması Qarabağda dini irsin varisidir

19.09.2026

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanın diplomatik korpusun Azad olunmuş ərazilərə səfərinə revanşist münasibətini qınayıb.

Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili bununla bağlı bəyanat yayıb. Açıqlamada deyilir:

– Biz – Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icmasının üzvləri Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, xüsusilə alban tarixi-mədəni irsinə məxsus Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistan cəmiyyətində və siyasi dairələrində revanşist əhvali-ruhiyyəli münasibət göstərilməsini qətiyyətlə qınayırıq.

Hesab edirik ki, Ermənistan tərəfinin, o cümlədən hələ də müharibə təbliğatından əl çəkməyən erməni lobbi dairələrinin, həmçinin sülh gündəliyinə sadiq olduğunu iddia edən Ermənistanın baş naziri Nikol Paşinyanın və yüksəkvəzifəli digər rəsmi şəxslərin Gəncəsər və Xudavəng kimi tarixi Azərbaycan abidələrini erməni irsi kimi təqdim etmələri tarixi həqiqətləri inkar etmək və saxtalaşdırmaqla yanaşı, regionda formalaşmaqda olan kövrək sülh prosesinə də təhlükə yaradır.

Bəyan edirik ki, Qafqaz Albaniyası Azərbaycan dövlətçiliyinin ayrılmaz hissəsidir və Ermənistanın Qafqaz Albaniyasının tarixi, mədəni irsini danmaq siyasəti qəbuledilməzdir. Ermənistanın belə təxribatçı fəaliyyəti saxta milli müstəsnalığın, yalançı tarixin təzahürü və rasizm elementidir. Qafqaz Albaniyasına, xüsusilə onun dini-mədəni irsinə belə dözülməz, düşmən münasibət Ermənistanın həqiqətdən qorxduğunu bariz şəkildə göstərir.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью